image-2000x150px
image-970x50px
Keçmişdən bu günə konseptual baxış – İlham Qasımovbackend

Keçmişdən bu günə konseptual baxış – İlham Qasımov

image-728x90px

Hər bir demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Belə bir siyasi qüvvənin mövcudluğu həmin ölkəyə yalnız fayda gətirə, onun inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilə bilər.

Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Ancaq təəssüf ki, ölkəmizdəki bəzi siyasi qüvvələr hələ də köhnə təfəkkürlə yaşayır, siyasi mübarizənin demokratik, sivil yollarla aparılmasının zəruriliyini dərk edə bilmirlər. Çağdaş dövr tariximizdə fəaliyyətinə yaxından bələd olduğumuz müxalif siyasi partiyaların, xüsusilə də AXCP və Müsavatın timsalında bunu açıq-aydın görmək mümkündür.

Azərbaycan Respublikasının Prezidentinin Sumqayıt şəhərinin 70-ci ildönümünə həsr olunmuş tədbirdə yaxın tariximizdə baş verən hadisələri ardıcıllıqla xatırlatması, qənaətimə görə, keçdikləri yolu, buraxdıqları səhvləri, etdikləri xəyanətləri unutdurmağa çalışan radikal müxalifət təmsilçilərinin gerçək simalarının, kimliklərinin bir daha gün işığına çıxarılması ilə yanaşı, həm də uğursuz idarəçiliyin, özbaşınalığın hansı nəticələrə gətirib çıxara biləcəyinin vurğulanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tarix – istər uzaq olsun, istərsə də yaxın – təkcə səlnaməçilərin keçilən yol kimi yaddaşa köçürmələri üçün gərəkli olan zaman kəsiyi deyil, həm də nəticə cıxarmaq üçün ən önəmli vasitədir.
Bu baxımdan, ötən əsrin 90-cı illərində baş verən hadisələrin, ölkəni xaosa, qarşıdurmaya sürükləyən, parçalanma təhlükəsi qarşısında qoyan təcrübəsiz, bacarıqsız, fitrətdən siyasət və idarəetmə sahəsində istedadı olmayan insanların buraxdığı səhvlərin təhlil olunması həm də ona görə vacibdir ki, oxşar hadisələr bir daha təkrarlanmasın, ölkəmiz, dövlətimiz nəticələrinin aradan qaldırılmasına uzun illər lazım olan təhlükələrlə qarşı-qarşıya qalmasın.

Təcrübəsiz, bacarıqsız, şüarçılıqdan başqa heç bir şey bacarmayan, aşağı intellektli və mədəniyyətli insanların hakimiyyətə sahiblənməsi terror qədər təhlükəlidir. Çünki yaradıcılıq potensialına malik deyil, yalnız dağıtmağı bacarır. Mən həmin dövrün bütün çətinliklərini çiyinlərində daşıyan milyonlarla Azərbaycan vətəndaşından biri kimi məsuliyyətsizliyin, bacarıqsızlığın, cəsarətsizliyin, təcrübəsizliyin hansı nəticələrə gətirib çıxara biləcəyini yaxşı başa düşürəm.

“AXC-Müsavat hakimiyyəti” adlandırılan o zamankı hakimiyyət, ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər. Dəniz dalğalananda ilk növbədə suyun təkindəki tör-töküntünü üzə çıxarır. Təəssüf ki, bu təbiət hadisəsi 1989-1993-cü illərdə özünü ölkəmizin siyasi həyatında büruzə verdi. Tör-töküntülər üzə çıxdılar, Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyü və istiqlalı uğrunda mübarizəsini, milli hisslərini istismar etdilər. Həmin dövr mənə məşhur rus dramaturqu Leonid Andreyevin “Anatema” əsərini xatırladır. Əsərdə vəkil cildinə girmiş şeytan tərəfindən aldadılaraq “peyğəmbər”, “xilaskar” olduğuna inanan, zəif, iradəsiz, səriştəsiz adamların ümumiləşdirilmiş obrazı olan David adlı şəxsin yüzminlərlə insanı necə uçuruma apardığından bəhs edilir. Azərbaycan da həmin dövrdə uçurumun bir addımlığında idi. Əgər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğundan söhbət gedə bilməzdi.

Əvvəla onu qeyd edək ki, bu iki partiya bir dəfə Azərbaycanda hakimiyyətə gəlmişdilər. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldu. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq “yox” dedi.

Təəssüf ki, biz 1993-cü ildən sonra AXC-Müsavat cütlüyü hakimiyyətdə istər daxili, istər xarici siyasətdə törətdikləri fəsadların aradan qaldırılmasına xeyli müddət sərf etdik. Bu baxımdan, hər zaman olduğu kimi, indi də hesab edirəm ki, 1992-93-cü illərdə baş verənlərə görə məsuliyyət daşıyanlar Azərbaycan xalqından üzr istəməli və siyasi arenanı həmişəlik tərk etməlidirlər.

1993-cü ildə Gəncədə baş verən hadisələr zamanı xalq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Yuxarıda qeyd etdiyimiz kimi, AXC-Müsavat cütlüyü də özlərinin təhlükəsizliyi xatirinə ümummilli liderimizi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya gəldi, ölkəmizi xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Azərbaycanda siyasi sabitlik yarandı.

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz böyük sürətlə inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.

Bəli, 1993-cü ildən bugünədək Azərbaycan tamamilə dəyişib və inkişaf edib. Ölkədə dəyişməyən təkcə radikal müxalifət düşərgəsidir. Onlar 1992-ci, 1993-cü ildə necə olublarsa, bu gün də o vəziyyətdə qalıblar. Bu gün də həmin düşərgənin liderləri siyasi mübarizəni intellektual səviyyədə deyil, küçə təfəkkürü səviyyəsində aparırlar. Müxalif siyasi partiyaların daxilində isə heç bir müsbət dəyişiklik yoxdur. Yeni dünyagörüşünə malik gənclərə qarşı ənənəvi dözümsüzlük həm AXCP-yə, həm də Müsavata xas olan xüsusiyyətlərdir.

Bu gün Azərbaycanda iqtidarın ən böyük dəstəkçisi xalqdır. Müxalifət liderlərinin xəyallarının həqiqətə çevrilməsi qeyri-mümkündür. Çünki xalq bu iqtidarı və onun ölkə üçün etdiklərini də görür, 1992-ci ildə Azərbaycanı viran qoyan bugünkü radikal düşərgənin əməllərindən də yaxşı xəbərdardır. Həmin dövrdə ictimai-siyasi sabitliyin olmaması və naşı iqtidarın yarıtmaz siyasəti nəticəsində yeraltı və yerüstü sərvətlərlə zəngin olan ölkəmizdə hətta ərzaqla təminatda ciddi problemlərin yaranması insanları aclıq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hər halda heç kəs bu dövrün təkrar geri qayıtmasını istəməz, parçalanmış, məhv olmuş, iqtisadi, siyasi və sosial böhranla üz-üzə qalmış ölkə arzulamaz.

Son dövrlər dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkədə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Belə ki, 2009-cu ildə ÜDM-in real artımı 9,3, o cümlədən neft-qaz sektorunda 14,3 faiz təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5, rabitədə 13,1, ticarətdə 9,9, nəqliyyatda 9,3 faizlik artıma nail olunmuşdur. 2009-cu ildə əhalinin banklardakı əmanətləri 23, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17 faiz artmışdır. Ötən il həmçinin əvvəlki illə müqayisədə 12,5 faiz çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz çox istehlak malları satılmışdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 8,6 faiz artmışdır.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, “Doing Business 2010” hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bütövlükdə Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir.

Təsadüfi deyildir ki, bu günlərdə nüfuzlu “Standard and Poors” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu “Stabildən” “Pozitivə” yüksəltmişdir. Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan Heritage Foundation tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Azərbaycan bu ilki hesabatda Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilib, iqtisadi azadlıq dərəcəsinə görə dünya üzrə orta göstəricidən (61.6) yuxarı, regional göstəricidən isə cəmi 0,5 bal ilə geri nəticə göstərib. Həmçinin, İqtisadi Azadlıq İndeksi 2020 üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Polşa, Belçika, İspaniya, Fransa, Türkiyə, İtaliya və bu kimi ölkələr ilə müqayisədə ön sıralarda yer tutub. Məlumdur ki, iqtisadi azadlığın inkişafı ilə insan kapitalının inkişafı arasında sıx əlaqə mövcuddur və Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə ən çox irəliləyən 11 ölkə sırasındadır. Bu yüksəlişə isə əsas etibarı ilə biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq indikatorlarındakı inkişafla nail olunub. Ölkənin mövqeyinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir.

Dinamik inkişaf edən bir ölkədə hansı narazılıqdan, çaxnaşmadan söhbət gedə bilər?

Bütün bunları görən Azərbaycan xalqı ölkəmizdə keçirilən demokratik seçkilərdə öz seçimini edib. İndiyədək baş tutan prezident, parlament, bələdiyyə seçkilərində həmişə Yeni Azərbaycan Partiyasının namizədləri böyük səs çoxluğu qazanıblar. Bu da onu göstərir ki, ictimaiyyət iqtidarın həyata keçirdiyi inkişaf və quruculuq siyasətini dəstəkləyir. Azərbaycanda güclü demokratik ənənələrlə yanaşı, vətəndaş cəmiyyəti də formalaşıb. Ölkəmizdə, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur. Radikal müxalifət düşərgəsi isə bu proseslərdən özünü təcrid etdiyinə, reallığa qərəzli münasibətinə görə, böhtan və iftira yolu tutduğuna görə özünü xalqın gözündən salıb. İnsanlar görürlər ki, bu düşərgədə demokratiya, həmrəylik adına heç bir əsaslı addım atılmır.

Bu mənada, artıq Azərbaycan xalqında milli maraqların qorunması, dövləçiliyin möhkəmlədirilməsi ilə bağlı ümummilli bir arxayınçılıq yaranıb.

Bütün dünyaya və dünya siyasətini müəyyən etməyə çalışan imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ancaq məsələyə strateji təhlil kontekstində yanaşdıqda diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial-iqtisadi planlaşdırma müəyyənləşdirilib və zərgər dəqiqliyi ilə həyata keçirilib. Bu ardıcıllıqda önə çıxan əsas istiqamətlər isə müstəqil iqtisadi siyasət həyata keçirməklə siyasi müstəqilliyi təmin etmək, iqtisadi resursların səmərəliliyini təmin etməklə iqtisadiyyatla sosial təminat arasında düzgün proporsional balans yaratmaq, ölkədə yeni, innovativ sənaye istiqamətləri formalaşdırmaq, ordu quruculuğu və hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayırmaq, bütün bunlara paralel olaraq milli hislərə və vətənpərvərlik ruhuna sahib olan yeni nəsil tərbiyə etmək idi. Hazırkı qlobal şərtlər və təzyiqlər içərisində bunların hər birini, xüsusilə sonuncunu etmək olduqca müşkül bir vəzifə idi. Çünki müasir internet resursları və onların yaratdığı virtual reallıqlar çərçivəsində milli ruhu və milli identikliyi qoruyub saxlaya bilmək ən mühüm çağırışlardan biri idi. Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub
Son 17 ildə isə Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar, nəhayət, ata Əliyevin ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaratdı.

Xalqımız Prezident, Ali Baş Komandan – oğul Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütöv­lüyü təmin olundu. Qarabağın tacı olan Şuşanın işğaldan azad olunduğu noyabrın 8-də ölkə Ali Baş Komandan İlham Əliyev təntənəli surətdə bəyan etdi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın ol­sun, dünya azərbaycanlıları!”.

Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.

Yeni Azərbaycan Partiyasının (YAP) əvvəlki qurultayından ötən üç il ərzində respublikamızda, eləcə də regionumuzda bir sıra taleyüklü hadisələr yaşanıb. Respublikamızda bu dövrdə prezident və parlament seçkilərinin keçirilməsi, bununla da ölkəmizdə aparılan islahatların daha bir mərhələyə daxil olması, sosial-iqtisadi sahələrdə əldə edilən mühüm uğurlar, eyni zamanda, ictimai-siyasi iqlimin daha da sağlamlaşdırılması, həmçinin, Vətən Müharibəsindəki parlaq qələbəmiz xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu möhtəşəm uğurla Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib, əzəli-əbədi ərazilərimizi işğalçıdan təmizləyib.
İkinci Qarabağ Müharibəsində böyük Zəfərə vətəndaşlarımızın birlik və həmrəyliyi, xalq-Prezident sarsılmazlığı, şanlı Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində nail olduq. Ordumuzun işğalçılara qarşı həyata keçirdiyi əks-həmlə əməliyyatları müasir hərb tarixinin ən parlaq səhifəsinə çevrildi”.

Bütün bu reallıqların YAP-ın VII qurultayının keçirilməsi zərurətini gerçəkləşdirdi, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin bununla bağlı qurultayda söylədiyi giriş nitqində bir məqama yönəlmək istəyirəm: “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq.

Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq. Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur”.

Əvvəlki qurultaydan ötən müddət ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə nəzərdə tutulan bütün tədbirlər ardıcıllıqla həyata keçirilib və qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib.
Nəticədə respublikada dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuz qazanıb. İstər Vətən müharibəsində tarixi qələbəmizin, istərsə də sosial-iqtisadi uğurların əldə edilməsində son 17 ildə ölkədə yaradılan sağlam ictimai-siyasi mühit, daxili sabitlik mühüm rol oynayıb. Bu önəmli amil Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət, xalq-iqtidar birliyi hesabına reallaşıb. Eyni zamanda, bu uğura dövlətimizin sosial təminat, sosial ədalət məsələlərini daim diqqət mərkəzində saxlaması nəticəsində nail olunub.

Ölkədə ictimai-siyasi sabitlikdən söz düşmüşkən, mühüm bir məqamı da vurğulamaq istərdim. Ötən dövr göstərdi ki, Azərbaycanda taleyüklü məsələlərin həlli zamanı heç bir fərqli fikrə rast gəlinmir. Şübhəsiz ki, Azərbaycanın gələcək siyasi sisteminin təkmilləşməsində də bu amilin mühüm əhəmiyyəti var. Düzdür, bu sabitlik, əmin-amanlıq müəyyən xarici qüvvələri ciddi narahat edir.
Ermənistan və onun havadarları daxildəki müəyyən qüvvələrin vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa, ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə çalışırlar. Lakin onlar bu istəklərinə heç zaman çatmayacaqlar, Azərbaycanı məqsədlərindən heç nə ilə çəkindirə, ən başlıcası isə şanlı Ordumuzun möhtəşəm Qələbəsinə kölgə salmaq niyyətlərinə nail ola bilməyəcəklər.
Dövlətimizin qüdrətinin, iqtisadi gücünün artması, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi və Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artması bütün vətəndaşlarımız kimi, bir çox siyasi partiyalar tərəfindən də İlham Əliyev siyasətinin birmənalı şəkildə dəstəklənməsi ilə nəticələnib:
Beləliklə, milli birlik və həmrəyliyin təzahürü qurultayda da diqqət çəkib: altı partiyanın YAP-a qoşulmaq haqqında çıxardığı qərar iştirakçıların diqqətinə çatdırılıb. Bununla da belə bir təşəbbüsün reallaşması, şübhəsiz ki, Azərbaycanda milli birliyin, həmrəyliyin güclənməsinə, YAP-ın siyasi mövqeyinin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.

İlham Qasımov,
YAP Binəqədi Rayon Təşkilatının Ərazi ilk partiya təşkilatınının sədri

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki