image-2000x150px
image-123
image-ads_atlas
image-16983936421199532002_1200x630backend

Direktor əvəzi: Bakı Dövlət Sirkində boş iş yerləri var, gənclər müraciət edə bilərlər

image-728x90px

AZƏRTAC sirkin hazırkı durumunu, yeni mövsümə hazırlığını, qarşıdakı planlarını öyrənmək üçün direktor əvəzi Nahid Ağayevlə görüşüb, ondan geniş müsahibə alıb. Müsahibəni təqdim edirik.

-Nahid müəllim, Bakı Dövlət Sirkində yeni mövsümdə hansı yeniliklər gözlənilir?

-Oktyabrın 13-də yeni mövsümə “Möcüzələr şəhəri” adlı su sirk proqramı ilə başladıq. Bu, sirksevərlərin, tamaşaçıların çox böyük rəğbətini qazanan, sevilən bir proqramdır. Hər dəfə yeni mövsümə hazırlaşanda müəyyən araşdırmalar aparırıq, sosial platformalarımızda insanların münasibətini öyrənirik.

Uyğun araşdırmalar göstərdi ki, su sirki çox sevilir. Məhz bu səbəbdən də su sirkini Bakıya dəvət etdik. Proqramın özəlliyi ondadır ki, burada çoxlu texnoloji yeniliklər var. Belə ki, yəni işıq effektləri, dekorasiyalar, səs effektləri və s. Bütün bunlar sirk sahəsində yeniliklərdən xəbər verir. Proqram daim hər il dəyişir, yeni əlavələr edilir. Bu səbəbdən sirk nömrələri və texnoloji yeniliklər sintez olunmuş bir formada təqdim olunur. Təsəvvür edin ki, proqramın özünün platforması var və bu platformada 600-dən çox fontan mövcuddur. Təxminən həmin platformaya 100 ton su yığılır. Sirk nömrələri suda fontanların əhatəsində baş verir. Bu sirk janrının özünə fərqli bir baxışdır. Eyni zamanda, burada gözəl dekorasiyalarla yanaşı, həmçinin layihənin özünün bir süjet xətti var. Bu, liman şəhərinə gələn qonaqların bu şəhərdə rastlaşdığı möcüzələr, maraqlı səhnələrlə bağlıdır. Adətən bu tipli sirk proqramları çox böyük rəğbətlə qarşılanır.

-Bu proqramda yerli sirk truppası iştirak edirmi?

-“Möcüzələr şəhəri”ndə bizim sirkin truppası kiçik səhnələrdə yer alıb. Belə ki, bəzi kütləvi, dəstəkləyici səhnələrdə. Bu, bizim sirk truppasının yaratdığı proqram deyil.

-Ümumiyyətlə, Bakı Dövlət Sirkinin truppası varmı?

-Bizim orkestrimiz, həmçinin sirk truppamızda artistlərimiz var. Keçən mövsümdə biz “Kaulçuk” qız nömrəsini proqrama əlavə etmişdik. Eyni zamanda, ölkə daxilində müəyyən tədbirlərdə truppamız çıxış edir. Çalışırıq ki, sirkimiz digər sirklərdən milli koloritinə görə fərqlənsin. Biz milli ənənələrimizi müasir sintezdə yaratmaq niyyətindəyik. Bunun üçün Azərbaycan sirkinin milli truppa ənənələri bərpa olunmalı və milli sirk nümunələri yaradılmalıdır. Bizim fikrimiz indi sirkin kollektivini formalaşdırmaqdır. Strukturumuz təsdiq olunub, inzibati heyəti kiçiltmişik, yaradıcı heyətin sayını artırmışıq, orkestr yaratmışıq. Janrlar üzrə artistlər də bəllidir. Burada illüziya, akrobatika, hava və parter gimnastikası, jonqlyorluq, bir sözlə, janrın bütün növləri əhatə olunub.

Yeri gəlmişkən deməliyəm ki, klounlar müasir sirk proqramlarının ayrılmaz və əvəzolunmaz hissəsidir. Onlar tamaşaçıları maraqlı səhnələrlə əyləndirir, fasiləni daha da maraqlı edirlər. Digər tərəfdən, tamaşaçıların daim dəyişən zövqünü oxşamaq üçün müasir sirklər repertuarın janr müxtəlifliyini genişləndirir və mütəmadi olaraq yeni proqramlar hazırlayır.

-Sirk truppalarını əsasən hansı ölkələrdən dəvət edirsiniz?

-Ən çox Rusiya, Belarus və Ukraynadan olur. Amma proqram formalaşanda onun tərkibində dünyanın müxtəlif ölkələrindən artistlər rol alır. Bizim proqramda Avstraliyadan, Almaniyadan, İspaniyadan olan artistlər də var.

-Bakı Dövlət Sirki özünü maliyyələşdirə bilirmi, yoxsa dövlət dəstəyi olmadan çətindir?

-Dövlət dəstəyi olmadan çox çətindir. Sözsüz ki, Bakı Dövlət Sirki də dövlət tərəfindən maliyyələşdirilir. Biz daim öhdəmizə düşən işlərə maddi dəstək verməyə çalışırıq.

-Tamaşaçılar ən çox hansı proqramlara üstünlük verir?

-İndiki tamaşaçılarla 1990-cı illərin tamaşaçısı arasında çox böyük fərq var. İndi tamaşaçılar daha çox hərəkətdə olan, tez-tez dəyişən proqramlara üstünlük verirlər. O səbəbdən də hazırda sirk sahəsi maraq doğuran sahələrdəndir. Çünki sirkdə hər hansı bir epizod, səhnə, nömrə təxminən üç, dörd, beş dəqiqə davam edir. Bu səbəbdən də çox maraqlı baxılır. Qısa müddət ərzində başlayır, tamaşaçı qeyri-adi görüntünü görür və bitir. O səbəbdən də çalışırıq ki, uşaqların, gənclərin, orta yaşlı insanların xoşuna gələ biləcək sirk nömrələri təşkil edək.

-Sirkdə tamaşaçıların, artistlərin təhlükəsizlik məsələləri necə təmin olunur?

-Təhlükəsizlik tələbləri bütün mədəniyyət təşkilatlarında olduğu kimidir. Tamaşaçıların sirkə daxil olması, yerləşdirilməsi, eyni zamanda, binanın yanğından mühafizəsi, elektrik təminatı, texniki təhlükəsizlik tələbləri də daim diqqətdə saxlanılır.

-Hazırda dünyanın bir sıra sirklərində heyvanlardan ibarət nömrələrdən imtina edilir, Bakı Dövlət Sirki də nə vaxtsa belə bir addım ata bilərmi?

-Bu suala daha dəqiq belə cavab vermək olar ki, bu hərəkata sirklər yox, ölkələr qoşulur. Azərbaycan da bu konvensiyaya qoşularsa əlbəttə ki… Bir də ki, son illər Bakı Dövlət Sirkinə dəvət olunan sirk truppalarının proqramlarda daha çox insan əməyinin, bədən dilinin, düşüncəsinin məhsulu olan nömrələrə üstünlük verilir. Bizdə təqdim olunan nömrələrdə daha çox məhəbbət üzərində qurulan hekayələrə yer verilir.

-Bizdə sirk artisti yetişdirən təhsil müəssisələri varmı?

-Təəssüflər olsun ki, Azərbaycanda sirk sahəsində mütəxəssislər yetişdirən təhsil müəssisəsi yoxdur. Belə müəssisələr sovetlər dönəmində keçmiş SSRİ-nin bir sıra şəhərlərində olub. Bizdə əsasən sirk sahəsinə yeniyetmələr, gənclər gəlirlər. Dəfələrlə işə qəbulla bağlı müsabiqələr elan etmişik və nəticədə bəzi yeniyetmələr sirkə cəlb olunub. Bunlar əsasən idmançılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olur. Bizim özümüzdə məktəb olmasa da peşəkar sirk ustaları gəncləri əsl mütəxəssis kimi yetişdirə bilir. Hazırda sirkdə boş iş yerləri var. Fürsətdən istifadə edib AZƏRTAC vasitəsilə bir daha gənclərə müraciət edirəm – özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər.

-Kollektiviniz neçə nəfərdən ibarətdir?

-Hazırda Bakı Dövlət Sirkində 30 nəfərdən ibarət yaradıcı heyət yeri var. Hazırda bu heyətin kiçik bir qismi fəaliyyət göstərir.

-Bakı Dövlət Sirkinin özünün heyvanat parkı varmı?

-Bakı Dövlət Sirkində heyvanların saxlanılması üçün yer olmasına baxmayaraq hazırda istifadə edilmir. Bu yerlərdən ancaq haradansa sirk truppaları gələndə istifadə olunur. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərinə sirkdə atlı attraksion olan məşhur proqram vardı. O vaxt burada atlar saxlanılıb, yetişdirilib, öyrədilib. Ondan sonra Bakı Dövlət Sirkində heyvan saxlanılmayıb.

-Bir qədər də Azərbaycanda sirkin tarixindən danışardınız.

-Bu sənətin tarixi çox qədimdir. Hələ qədim zamanlardan “Çövkən”, “Zorxana” kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika və digər janrların elementləri mövcud olmuşdur. İlk peşəkar sirk Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdi. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə isə şəhərin başqa ərazisində yeni sirk binası tikilərək istifadəyə verilir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınmışdı. 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində Azərbaycanın peşəkar sirk artistlərindən ibarət ilk milli sirk tamaşasının premyerası olub. Bütün çətinliklərə baxmayaraq, azərbaycanlı sirk artistlərinin əzmkarlığı və ustalığı sayəsində milli sirk proqramı çox möhtəşəm alınmışdı. “Azərbaycan toyu” adlanan bu proqram təkcə sirk sənətinin deyil, bütövlükdə Azərbaycanın milli mədəniyyətinin zənginliyini, rəngarəngliyini və gözəlliyini əks etdirirdi. 1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə müasir sayılan bina memarlıq baxımından əksər dünya sirkləri ilə rəqabət aparmağa qadir idi. Bakı sirki bu gün də paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları mədəni məkanlardandır.

-Uzun müddətdir Bakı Dövlət Sirkinin binasının köçürüləcəyi ilə bağlı müəyyən fikirlər səslənir, hazırda bu istiqamətdə iş aparılırmı?

-Məndə elə bir məlumat yoxdur. Binanın əsaslı təmiri və yaxud yerinin dəyişməsi məsələsi Mədəniyyət Nazirliyinin səlahiyyətinə aiddir.

-Nahid müəllim, sirkin binası axırıncı dəfə nə vaxt təmir olunub?

-2022-ci ildə Bakı Dövlət Sirkinin binası cari təmir olunub və burada müəyyən işlər görülüb. Oturacaqlar və döşəmə örtüyü təzələnib, heyvanların saxlanma yeri müasir tələblərə uyğun formaya salınıb.

Son illər ölkəmizdə bir çox mədəniyyət müəssisələri ən müasir tələblərə uyğun olaraq təmir edilir və ya yenidən qurulur. Bu mənada möhtəşəm memarlıq nümunəsi olan Bakı Dövlət Sirkinin funksional xüsusiyyətlərinin genişləndirilməsi, müasir vasitələrlə təchiz olunması Mədəniyyət Nazirliyinin gündəliyində müzakirə olunan məsələlərdəndir.

-Əməkdaşların əməkhaqları qaneedicidirmi?

-Dövlət sektorunda olan təşkilat kimi bizdə də əməkhaqqı dövlətin müəyyən etdiyi kriteriyalar üzrədir.

-Sizdə açıq kassadır, yoxsa…

-Sirk tamaşalarına bilet satışını tərəfdaş iTicket.AZ vasitəsilə həyata keçiririk. Sirkin özünün ayrıca kassası yoxdur. Sirkin binasındakı kassada da bilet satışı iTicket platforması üzərindən aparılır.

-Sirkə maraq necədir?

-Hazırda “Möcüzələr şəhəri” proqramı ikinci həftədir ki, davam edir. Tamaşalara böyük maraq var və biletləri yaxın dövrə tapa bilməzsiniz.

-Yəqin daha çox azyaşlılar izləyir…

-Uşaqlar, həmçinin böyüklər üçün də çox maraqlıdır. Proqramı tərtib edəndə çalışırıq ki, elə nömrələr təqdim edək ki, böyüklər də baxanda darıxdırıcı olmasın. Çox maraqlı və insanı həyəcanlandıran, adrenalini yüksəldən nömrələrə üstünlük veririk.

-Bölgələrə səfərlər edirsinizmi?

-Ötən il Gəncədə beşgünlük proqramla çıxış etdik. Tamaşaçılar tərəfindən maraqla qarşılandı. Yenidən Gəncədə sirk proqramı ilə çıxış etməyi düşünürük.

-İl ərzində planlaşma necə aparılır?

-Bizdə mövsüm payız aylarından başlayır. Adətən payız, qış və yaz mövsümündə tamaşalar göstəririk. Binanın infrastrukturunda dəyişiklik olandan sonra yay mövsümündə də proqram göstərilə bilər. Hər dəfə fərqli proqramlarla çıxış etməyə üstünlük veririk. Bu gün müzikl formatında, güclü dekorasiyaları, səs, musiqi effektləri olan janrlara üstünlük verilir. Biz də çalışırıq ki, Rusiyadan, Avropadan həmin janra uyğun aparıcı nömrələri olan sirk truppalarını dəvət edək. İstəyirik ki, tamaşaçılarımız dünyada məşhur olan sirk nömrələrini görə bilsin.

-Bəs, təcrübə mübadiləsi necə aparılır?

-Bu işdə Mədəniyyət Nazirliyi bizə dəstək göstərmək niyyətindədir. Artıq nazirliyin göstərişi ilə əməkdaşların siyahısı hazırlanıb. Bəzi əməkdaşlarımız Rusiyanın bu sahə üzrə ixtisaslaşmış aparıcı təhsil mərkəzlərinə göndəriləcək. Onlar orada həm təhsillərini artıracaq, həm də təcrübə keçəcəklər. Hazırda belə bir layihə üzərində iş aparılır. Yəqin ki, bu, yaxın zamanlarda həyata keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki