image-ads_n1karobka_mobile
image-1773726422_sagird-muellimbackend

“Müəllim kimdi ki uşağıma əl qaldıra?!” Dəyişən validyenlər və təhsilimiz

Görən indi övladını məktəbə aparıb, “əti sənin, sümüyü mənim” deyəcək valideyn tapmaq olar?

Çətin. Bəlkə də mümkünsüzdür.

Yəni, köhnə əyyamlarda valideynlər uşaqlarının başından keçmişdi, övlad məhəbbətinə sahib deyildilər, külli-ixtiyarı müəllimə verirdilər, amma müasir valideynlər övladcanlıdır, övladları üçün kiprikləri ilə od götürürlər, kimsə, o ki ola zavallı müəllim, övladına gözünün üstündə qaşın var, deyə bilməz, eləmi?!. “Müasirlik” adlandırılan budurmu? Uşağı nəinki kötəkləmək, heç üstünə qışqırmaq, təpinmək də olmaz, uşaq sərbəst, azad böyüməlidir. Birbaşa deyək; “sərbəst”, “azad” böyüdülən uşaqların nə kimi cinayətlər, bəli, məhz cinayətlər törətdiyini artıq bütün cəmiyyət bilir. Fəqət, sanki çoxunun gözü bunları görmür, qulaqları eşitmir. Keçək, “zavallı müəllim” sözünə.

Çünki problemləri günümüzə daşıyan həm də müəllimin zavallı duruma salınmasıdır. O zaman ki müəllimin zəhməti dəyərləndirilmədi, müəllim valideynin puluna möhtac buraxıldı, dolanışığını təmin etmək üçün məktəbdəki dərs saatlarından sonra yorğun-ağrın əlavə dərs verməyə – repititorluğa başladı, zavallıya çevrildi.

Müəllimin bu vəziyyətə düşməsinə səbəb isə təhsil sistemimizin başına açılan min bir oyunlardır. Kimlərinsə “müasir təhsil sistemi”dir deyərək bəh-bəhlə ölkəmizdə tətbiqinə yaşıl işıq yandırdıqları, bu gün də mahiyyətini düz-əməlli anlamadıqları kurikulum sistemidir. Hansı ki dünyaya gəldiyi ölkədə təhsilin keyfiyyətini yüksəldib, amma transfer olunduğu ölkədə əks effekt verib – təhsilin keyfiyyətini aşağı salıb. Bu günün şagirdi oxuduğunu anlamayan, yalnız əzbərləyən əzbərçi birisinə çevrilib. Müəllim də ona göstərilən bu yolla addımlamaq məcburiyyətindədir.

Bu azmış kimi indi də müəllimi tərk-silah edirlər. Şagirdi tənqid, tənbeh də edə bilməzsən. Təhqir zatən olmaz. Nəinki müəllim, valideynlərə də qadağa qoyulur: uşağa fiziki, psixoloji təzyiq edilməməlidir, cərimə olunacaqsız. Bu qaydaları tətbiq edənlərin özləri, maraqlıdır, evdə övladları ilə görəsən necə davranıblar, davranırlar. Yoxsa onların övladları seçkin uşaqlardır, ata-anasının bir baxışından mətləbi anlayıb davranışlarını düzəldir? Uşaqlar fərqlidir, valideynlər də. Övladını tənbeh edən, hətta fiziki təzyiq göstərən valideyn haqqında mənfi düşünmək də trendə çevrilib indi.

“Böyük dayaq” filmini yada salaq. Rüstəm kişinin oğlu Qaraşa vurduğu sillə minlərlə gəncin qulağında elə cingildədi ki uzun illər təsiri keçmədi və ailə dəyərlərimiz həm də bunun kimi sillələr hesabına qorundu. Rüstəm kişi haqlı idi, ya yox, soruşsaq, əlbəttə, cavablar müxtəlif olacaq. Müxtəlif cür düşünürük çünki. Amma bəlli həqiqətlər dəyişməz qalır. Biz qəbul etsək də, etməsək də.

Müəllim şagirdi döyməli, söyməli, təhqir etməli, alçaltmalı deyil. Bu, birmənalıdır.

Tənbeh etmək, şagirdi tərbiyələndirmək, etdiyi pozucu hərəkətin düzgün olmadığını bildirmək üçün cəzalandıra bilər. Bu cəza nədən ibarət ola bilər, məsələn, sinifi tərk etdirmək, arxa cərgəyə keçirmək, məktəb rəhbərliyinə və valideyninə bildirməklə və bununla da uşağın davranışlarına düzəliş etməsinə nail olmaq mümkündür. Amma müəllimlər bundan da çəkinir, hətta qorxurlar. Valideynlərdən də qorxurlar, cərimə olunacaqlarından da. “Müasir” valideyn ötən əsrdəkilərə bənzəməz. Fərqi deyimmi? Ötən əsrin validenləri övladının gündəliyində “2” görəndə, “niyə “2” almısan?” deyə əsəbi halda soruşurdu. İndiki valideynlər “aa, müəllim niyə sənə “2” yazıb?” deyə qeyzlənir. Bir var, “2”nin səbəbini övladında axtaran, bir də var, səbəbi müəllimdə görən valideyn. Hazırda ikinci kateqoriya əksəriyyət təşkil edir.

İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklik məhz bunu ehtiva edir.

İnzibati Xətalar Məcəlləsinə bu günlərdə edilən daha bir dəyişikliyə əsasən ölkəmizdə tərbiyə məqsədilə uşaqlara qarşı fiziki zorakılıq və ya psixoloji təzyiq göstərən valideynlər, müəllimlər və digər məsul şəxslər 200 manatadək cərimələnəcək.

Fiziki zorakılıq məlumdur. Bəs psixoloji təzyiq necə, hansı meyarla ölçüləcək? Müəllim şagirdə “özünü yaxşı apar, düz otur, səs salma”, desə və uşaq bundan “pəjmürdə hal” olsa, belə çıxır ki bu, psixoloji təzyiq hesab ediləcək?

Mütəxəssis fikrini dinləyək.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bu fikirdədir ki, şagirdə fiziki və psixoloji təzyiq göstərən valideynin 200 manat cərimələnəcəyi xəbəri cəmiyyətdə geniş rezonans doğurub:

– Bu məsələyə emosiyalardan uzaq, dərindən baxaq. Əvvəla, bunu deyim ki zorakılığın heç bir növünə bəraət yoxdur. Müəllimin şagirdi təhqir etməsi, onun şəxsiyyətini alçaltması qətiyyən qəbul edilə bilməz. Bununla belə, biz hər zaman deyirik ki, tərbiyə ailədən gəlir, müəllimsə o tərbiyəni məktəbdə cilalayan, ona forma verən şəxsdir. Əgər bir uşağın ailədən gələn tərbiyəsində boşluqlar varsa, nizam-intizamı pozursa, müəllim o boşluğu cilalamağa çalışırsa, ona bir söz deməsinmi, onun səhvini üzünə deyib irad tutmasınmı? Biz qaş düzəldən yerdə vurub göz çıxarmalı deyilik. Əgər müəllimin üzərində 200 manat cərimə qorxusu olacaqsa, sabah o müəllim sinifə daxil olanda hansı həvəslə şagirdlərə doğru yol göstərəcək, onlara nizam-intizam öyrədəcək? Müəllim “sakitcə dərsimi deyim, maaşımı alım, kim nə edir, etsin”, prinsipi ilə işləyəcək, bundan ən çox ziyan çəkən də şagirdlər, ümumən təhsilimiz olacaq. Təhsil yalnız kitabdan oxunan informasiya deyil, müəllimin bir baxışı, bir iradı, bəzən yerində deyilmiş sərt bir söz şagirdi uçurumun kənarından qaytara bilər. Biz müəllimi elə vəziyyətə salmamalıyıq ki, o sinifdə şagird qarşısında aciz duruma düşsün. Şagirdin hüququnu qoruyaq, amma müəllimin də o tərbiyəni cilalamaq üçün lazım olan nüfuzunu əlindən almamalıyıq. Cərimə qorxusu olan yerdə pedaqoji fədakarlıq bitir, sadəcə formal iş qalır.

Qanun işləməlidir, amma sui-istifadəyə yol vermək olmaz. Elə etməyək ki sabah övladlarımıza yol göstərən bir nəfər də olsun cəsarətli müəllim tapılmasın.

Ə.Həsənli bildirdi ki, hazırda müəllim özünü hüquqi baxından müdafiəsiz hesab edir:

– Məktəblərdə baş verən hadisələrlə bağlı sosial şəbəkələrdə müxtəlif videolar yalır. Bu videolar onu göstərir ki, məktəblərimizdə intizam anlayışı sürətlə zəifləyir. Müəllim özünü hüquqi baxımdan müdafiəsiz hesab edir. Müəllim şagirdə “otur yerinə”, “səs salma, dərsi pozma”, “telefonu yığışdr”, demək istədikdə, şagirdi intizamlı olmağa dəvət etmək istədikdə, düşünəcək ki, videosu çəkilə bilər, sabah sosial mediaya qoyulacaq, haqqında şikayət ediləcək, ictimai qınağa məruz qalacaq, cərimələnəcək, bəlkə iş yerini itirəcək və bu qorxu mühitində müəllim istər-istəməz şagirdi hətta tənbeh etməkdən də çəkinəcək və öhdəsinə düşən vəzifəni – öyrətmək vəzifəsini yerinə yetirə bilməyəcək. Məktəb tam sərbəstlik məkanı deyil, məktəb təhsil, qayda-qanun, intizam yeridir. Əgər sinifdə bir nəfər şagird 25 nəfərin dərsini pozursa, burda müəllim də sinif qarşısında məsuliyyət daşıyır. Çünki müəllimin nüfuzu zəiflədikcə, zərər görən şagirddir, ümumən təhsilimizdir. Trendə çevrilən videolar isə istehzalı etiraz formasıdır. Bununla cəmiyyətə mesaj ötürülür ki, əgər şagirdə təpinmək, onu intizamlı olmağa dəvət etmək qadağandırsa, bəs tədris prosesi necə idarə olunacaq? Bu, həm də cəmiyyətin mövcud duruma sosial-psixoloji reaksiyasıdır. Bu həqiqəti qəbul etməliyik ki, müəllim uşağın formalaşmasında ailədən sonra ən əsas rolu olan şəxsdir. Müəllimin nüfuzunu qorumadan keyfiyyətli təhsil sisteminə malik olmaq mümkün deyil. Hesab edirəm ki, burada əsas məsələ balansın qorunmasıdır. Zorakılığa yox deyiriksə, müəllimin də hüquqları, sinif idarəetmə imkanları da, insan formalaşdırmaq səlahiyyəti də mütləq şəkildə qorunmalıdır. Əks halda biz keyfiyyətli təhsildən söz aça bilməyəcəyik.

Məlahət Rzayeva

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki