Dünyada sudan sonra ən çox istehlak olunan içkilərdən biri çaydır. Xüsusilə Azərbaycan mətbəxində çay həm qonaqpərvərliyin, həm də gündəlik həyatın ayrılmaz hissəsidir. Səhər yeməyindən axşam süfrəsinə qədər çay süfrələrimizin bəzəyidir.
Mütəxəssislərin fikrincə, çayın tərkibində olan antioksidantlar orqanizm üçün olduqca faydalıdır. Araşdırmalar göstərir ki, xüsusilə yaşıl çay maddələr mübadiləsini sürətləndirir, immun sistemini gücləndirir və bədənin toksinlərdən təmizlənməsinə kömək edir.
Qara çay isə ürək-damar sisteminə müsbət təsir göstərir. Mütəmadi və normada qəbul edildikdə qan dövranını yaxşılaşdırır, yorğunluğu azaldır və zehni fəallığı artırır. Çayın tərkibində olan flavonoidlər damarların elastikliyini qorumağa kömək edir.
Həkimlər bildirirlər ki, çay stress və gərginliyin azalmasına da dəstək olur. Xüsusilə bitki çayları – nanə, çobanyastığı və adaçayı sakitləşdirici təsiri ilə seçilir. Bununla yanaşı, çayın həddindən artıq istifadəsi mədə problemlərinə və yuxusuzluğa səbəb ola bilər.
Qeyd edək ki, çayın faydalı olması üçün onu çox tünd dəmləmək tövsiyə edilmir. Gündə 2-3 fincan çay orqanizm üçün kifayət hesab olunur.
Mütəxəssislər sağlam həyat tərzi üçün şəkərsiz və təbii çaylara üstünlük verməyi məsləhət görürlər. Çünki düzgün istifadə edildikdə çay həm sağlamlıq, həm də ruh yüksəkliyi üçün əvəzolunmaz içkidir.
İrzayev Riad
DOĞRU.AZ

























