İyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu münasibətlə Daxili İşlər Nazirliyinin polkovniki Vaqif Əsədov daxili işlər naziri cənab Vilayət Eyvazov başda olmaqla bütün polis əməkdaşlarını təbrik edib.
Doğru.az xəbər verir ki, təbrikdə Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan bəhs olunaraq, hüquq-mühafizə orqanlarının dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, qanunun aliliyinin təmin edilməsi və vətəndaşların təhlükəsizliyinin keşiyində dayanmaq istiqamətində mühüm xidmətlər göstərdiyi vurğulanıb.
Vaqif Əsədov bildirib ki, bu gün də daxili işlər orqanları Vilayət Eyvazovun rəhbərliyi altında peşəkarlıq, qətiyyət və Vətənə sədaqətlə fəaliyyət göstərərək cəmiyyətin sabitliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı kimi xalqın etimadını doğruldur.
Təbrikin sonunda bütün polis əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, xidmətdə yeni uğurlar arzulanıb, Uca Allahdan Vətənə və xalqa xidmət yolunda onlara daim yar olması dilənib.
DOĞRU.AZ

























