Şimali Koreya hərbçiləri patrul xidməti zamanı Cənubi Koreya ilə quru sərhədini qısa müddətə keçiblər. Cənubi Koreya tərəfi insidentə cavab olaraq xəbərdarlıq atəşi açıb.
Doğru.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə ötən həftə Koreya yarımadasının şərq cəbhə xəttində baş verib. Bir neçə Şimali Koreya hərbçisi hərbi demarkasiya xəttini keçib.
Cənubi Koreya hərbçiləri əvvəlcə səsli xəbərdarlıq edib, daha sonra isə xəbərdarlıq atəşi açıblar. Bundan sonra Şimali Koreya hərbçiləri öz ərazilərinə geri qayıdıblar. İnsidentdən sonra başqa qeyri-adi fəaliyyət qeydə alınmayıb.
Bu, 2026-cı ildə Şimali Koreya hərbçilərinin hərbi demarkasiya xəttini ilk dəfə pozması kimi qiymətləndirilir.
Hadisə Koreya yarımadasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Cənubi Koreya və ABŞ-ın avqustun 17-dən 27-dək “Ulchi Freedom Shield” birgə hərbi təlimləri keçirməsi planlaşdırılır.
Bununla yanaşı, Cənubi Koreya Prezidenti Li Çje Myonq Şimali Koreya ilə gərginliyin azaldılması və Koreya müharibəsini rəsmi şəkildə başa çatdıracaq sülh rejiminin yaradılması üçün dialoqa çağırıb. O, danışıqlarda Pxenyanın nüvə proqramının da müzakirə olunmasını təklif edib.
DOĞRU.AZ

























