image-ads_n1karobka_mobile
image-bakida-kecirilen-bmt-nin-umumdunya-sehersalma-forumunun-13-cu-sessiyasinin-wuf13-un-ikincbackend

WUF 13-ə sözardı Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz platformadır

Paytaxtımız dünya miqyaslı tədbirə növbəti dəfə müvəffəqiyyətlə ev sahibliyi etdi. Ölkəmiz qlobal tədbirlərə ev sahibliyi etməkdə artıq mükəmməl təcrübəyə malikdir. İndiyədək keçirilmiş çoxsaylı beynəlxalq forum, konfransların keçirildiyi tarixə baxsaq, hər birinin uğur hekayəsi olduğunu görərik. Bunu dünya da görür və məhz bu səbəbdən iştirakçılar, qonaqlar hər dəfə Azərbaycana böyük həvəslə gəlirlər. BMT-nin Ümümdünya Şəhərsalma Forumu 13 sessiyası da əlbəttə ki istisna olımadı. Ölkəmiz, paytaxtımız minlərlə qonağını – ən yüksək səviyyədə qarşıladı və qonaqladı. Paytaxtımız Ümumdünya Şəhərsalma Forumu – WUF 13-ə ev sahibliyi etməklə dünyaya Azərbaycan reallıqlarını bir daha nümayiş etdirmiş oldu. Forum həm də bir həqiqəti ortaya qoydu ki, Azərbaycan bu gün dünyanın mərkəzində yer alır, bəşəriyyətə sağlam gələcək, bəşər övladının da təhlükəsiz yaşayışının təmin edilməsi üçün istənilən müzakirələrə açıqdır və bütün təklifləri qəbul edib, ideyaları dəstəkləməyə də hazırdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışını yada salsaq, görəcəyik ki, Prezident mühüm məqamlara toxunub. Bildirib ki, bu gün dünyada münaqişələr, müharibələr alovlandığı bir dövrdə Azərbaycan COP29, WUF13 kimi qlobal tədbirləri uğurla təşkil etməklə qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz bir platformadır. Bu, Azərbaycanın unikallığıdır.

Siyasi şərhçi Azər Həsrət bu fikirdədir ki, həqiqətən də son illərdə Azərbaycan dünyanın qlobal problemlərinin təkcə müzakirə olunduğu deyil, həm də həll edildiyi məkana çevrilib:

Demək olar bütün dövlətlərin rəhbərləri, rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri Azərbaycana gəlir, gedir. Bu cür mötəbər tədbirlərdə dünyanın əksər dövlətlərinin rəsmi şəxsləri, nümayəndələri iştirak edir. May ayının 17-dən 22-dək Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda 180-dən artıq dövlət iştirak etdi. BMT-də dövlətlərin sayı 200-ə qədərdir. Deməli, BMT-dəki dövlətlərin az qala hamısı WUF 13-ün iştirakçısı olub. Necə ki COP-29-da eyni hal müşahidə edilmişdi, bu dəfə də iştirakçı sayı hətta daha da çox oldu. Forumda 45 mindən artıq iştirakçı qeydiyyatdan keçmişdi. Bununla da Azərbaycan iştirakçı rekordunu 2 dəfə təzələdi. Bu, ölkəmizə olan marağın göstəricisdir. Azərbycana dünyanın marağı böyükdür. Belə tədbirlər olanda insanlar gəlib iştirak etmək, ölkəmizi görmək, yaxından tanımaq istəyirlər. Biz də bu baxımdan dəyərləndiririk. Həqəqətən də, Azərbaycan özünün təhlükəsizliyi, dövlət modeli, insanlar arasında münasibətlər, cəmiyyətdəki sabitlik, dövlət-vətəndaş münasibətlərinin sabitliyi, dini dözümlülük baxımından dünya üçün örnəkdir. Əlbəttə ki belə bir ölkə haqqında eşidənlər maraq göstərir ki, yerində gəlib görsünlər. Gəlirlər, görürlər, dünyanın hər tərəfində bu haqda danışılır, yazılır, göstərilir. Belə bir şəraitdə insanların marağı yaranır. İştirakçı sayının artması həm də bundan qaynaqlanır. Azərbaycan uğurlu dövlət modeli yarada bilib, bir deyil, bir çox sahələrdə, Bu bütün dünyanın diqqətini çəkir və qlobal problemlərin müzakirə platformasına çevrilib.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis, Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının iştirakçısı Rauf Ağamirzəyev Doğru-az.a açıqlamasında qeyd etdi ki, bu Forum şəhərlərin gələcəyi, müasir şəhər çağırışları və dünyada həyata keçirilən praktiki həllərin müzakirəsi üçün mühüm qlobal platforma oldu:

Şəhərlər bu gün iqlim dəyişikliyinin təsirləri, ətraf mühitin deqradasiyası, nəqliyyatın sıxlığı, səs-küy çirklənməsi və şəhər əhalisinin yaşlanmasının artan problemi də daxil olmaqla bir sıra ümumi problemlərlə üzləşir. Düşünürəm ki, Dünya Şəhərsalma Forumu şəhərlərin inkişafı, hansı çətinliklərlə üzləşdikləri və onlara qarşı hansı tədbirlər görüldüyü barədə yeni həllər və müzakirələr təklif edən uğurlu bir platformadır. Müasir şəhərlər demoqrafik reallıqlara getdikcə uyğunlaşmalı və bütün sakinlər, xüsusilə yaşlılar üçün əlçatanlığı təmin edilməli, şəhərlər yaşlı əhalinin daha rahat və təhlükəsiz hərəkət etməsinə imkan verəcək şəkildə salınmalıdır. Son illərdə paytaxtımızda yol-nəqliyyat şəbəkəsi, ictimai nəqliyyatın inkişafı sahəsində bir sıra proqressiv islahatlar aparılır, mobilliyin transformasiyası baş verir. İctimai nəqliyyatın inkişafını təmin edəcək Dövlət Proqramı da daha əhatəli və uzunmüddətli islahatlara yol açır. WUF-13-də də müzakirələr məhz bu yöndə aparıldı ki, müasir şəhərlər artıq avtomobillərin deyil, insanların rahatlığı üçün dizayn edilməlidir. Şəhərlər avtomobil mərkəzli deyil, insan mərkəzli və insan yönümlü olmalıdır.

Yaşından və fiziki vəziyyətindən asılı olmayaraq piyada infrastrukturuna üstünlük verilməli, hər kəs üçün əlçatan inklüziv şəhər mühiti yaradılmalıdır. Şəhərlər daha ədalətli salınmalıdır ki, yaşından, fiziki vəziyyətindən asılı olmayaraq hamı rahat hərəkət edə bilsin. Bunun üçün də davamlı, maneəsiz səkilər, daha qısa piyada marşrutları, küçə keçidlərinin daha təhlükəsiz olması təmin edilməlidir. Hesab edirəm ki, paytaxtımız məhz bu yöndə inkişaf etdiriləcək.

Məlahət Rzayeva

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki