Bakıya metro lazımdır? Əlbəttə. Bəs, yeni stansiyalar? Əlbəttə, onlar da lazımdır, hətta vacibdir. Hazırda paytaxtın ictimai nəqliyyat yükünün 70-80 faizini (hətta bəlkə daha da çox) məhz Bakı metropoliteni daşıyır, polad relslər üzəri ilə. Yeni stansiyalar harada olmalıdır, sualı isə hazırda qızğın müzakirə mövzusudur. Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda metronun yeni stansiyalarının tikintisi də əksini tapır. Hazırda metroda basabasa səbəb olan “Yaşıl xətt”lə “Qırmızı xətt”in kəsişməsidir. Bakı metropoliteinin strateji inkişaf proqramında xətlərin bir-birindən ayrılması, depoların və yeni, o cümlədən yardımçı stansiyaların tikintisi nəzərdə tutulur. İşlərə artıq başlanılıb. Və müzakirələrə səbəb olan da məhz yeni stansiyaların yeri ilə bağlıdır. “Bakı Metropoliteni” QSC dövlət proqramının bir hissəsi olaraq, “Nizami” stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək.
“Nizami” stansiyasının yaxınlığında daha bir stansiyanın tikintisinin təhlükəli olduğunu deyən, uzun illər Bakı Tunel Tikinti İdarəsində çalışmış, bu sahədə təcrübəsi olan vəkil Sahib Məmmədovun bu məzmunda statusu mübahisələri daha da körüklədi:
– Bu, sadəcə ağılsızlıqdır. “28 may-Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib (Kesson üsulu, suyun altında və ya yüksək təzyiqli mühitdə, xüsusi kipləşdirilmiş kameralar (kessonlar) vasitəsilə quru mühit yaradaraq tikinti və qazıntı işlərinin aparılması metodudur. Bu üsul əsasən körpü dayaqlarının, tunellərin və metro stansiyalarının sualtı təməllərinin inşasında istifadə olunur). Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir”.
Daha sonra Sahib Məmmədov yeni stansiyanın tikintisinə niyə şübhə ilə yanaşdığını açıqladı:
– Əvvəla, mən hələ ki vətəndaş cəmiyyəti təmsilçisiyəm. Ölkə Prezidenti də dəfələrlə ictimai nəzarətə önəm verdiyini bildirib. İndi mən həyata keçirlməsi planlaşdırlan və həddən artıq böyük resurs tələb edən layihə barədə öz fikrimi bildirmişəm və fikrimdə də qalıram. Dövlət proqramı çərçivəsinidə Bakı şəhərinin nəqliyyat innfrastrukturunun yaxşılaşdırlması üçün əhəmiyyətli layihələr icra olunur. Bu layihə də vacibdir, amma iqtisadi baxımdan nə dərcədə səmərəlidir? Ona qoyulacaq resurs və bu layihənin ətraf mühitə və şəhər təhlükəsizliyinə təsirləri ölçülübmü? Mənim qənaətimə görə yox. Əks halda daha ciddi fikirləşərdilər. Hər halda məni təkzib edib əks fikrlər səsləndirsələr də ərazidə hidrogeoloji şəraitin mürəkkəb olmasını inkar etməyiblər. Faydalı layihə o demək deyil ki, o mütləq reallaşmalıdır. Bir vaxlar Cənubi Koreya şirkəti ilə Xəzər buxtası üzərindən Zığ istiqamətinə körüpü tikintisi layihəsinin reallaşdırlması müzakirə olndu. Sonra baxdılar ki, şəhərdə tıxacların azaldılmasına əhəmiyyətli töhfə versə də iqtisadi baxımdan səmərəli deyil, həddən artıq vəsait tələb edir. İndi bu planlaşdırlan layihəni də mən iqtisadi baxımdan o qədər də sərfəli hesab etmirəm. Həmçinin bundan da vacib məsələ odur ki, intensiv su axınlarının qarşısnın alınması uzunmüddətli planda mənfi nəticələrə gətirəcək. Hündür binalar, yollar çökəndə məni xatırlayarsız.
Vəkil S.Məmmdovun fikirlərinə qarşı mühəndis və tədqiqatçı Azər Axundov isə “Nizami” stansiyasının yaxınlığında daha bir stansiyanın tikilməsinin heç bir təhlükə daşımadığını söylədi:
– Layihənin təhlükəli olması fikri əsassızdır. Təbii ki, layihə hazırlanarkən araşdırma aparılıb, qruntdan nümunələr götürülüb, mümkün risklər nəzərə alınıb. 50 il əvvəlki dövr deyil. Texnologiya inkişaf edib, istənilən şəraitə uyğun xüsusi materiallar istifadə etməklə xüsusi metodlarla tikmək olar. Bunların hamısı nəzərə alınır. Primitiv yanaşma düzgün deyil ki, filan yer təhlükəlidir, tikmək olmaz. Köhnə yanaşma ilə davam etmək olmaz. Yeni stansiyaları layihələndirən Türkiyənin “Yüksel Proje” şirkətidir ki, İstanbulda, metro tikintisində böyük təcrübəsi var. Əlbəttə ki yeni stansiyalar digər metro stansiyalarından fərqli üsullarla tikiləcək. Niyə mümkün olmasın ki?!. Bu cür iddialar əsassızdır.
S.Məmmədov isə iddiasından geri çəkilmir:
– Əlbəttə 50 il əvvəlki dövr deyil. Amma hörmətli Azər Axundov demir ki, o xüsusi metodlar hansılardı? Bütün ərazidə 100 metr dərinlikdə tampanaj işləri aparılacaq bəlkə? Stansiya dağ-mədən üsulu ilə tikilməlidir bildiyim qədər. Çünki “Nizami” stansiyası dərində yerləşir. Üstəgəl “Nizami-Elmlər Akademiyası” satnsiyalarının nisbi hündürlük fərqi 110 metrdir. Yol 60 000 meyilliliklə tikilib. Hansı zülmlə tikilib onu da bilirik. Mən tikilməyin mümkün olmadığını demədim. Əlbəttə tikmək mümkündür. Amma nəyin bahasına? Əlavə yüz milyonlar niyə zərurət olmadan xərclənməlidir? Halbuki, həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək olar. Mən o vaxt “Elmlər Akademiyası” stansiyasına əlavə giriş tikiləndə də “Metrotikinti”ASC-nin rəhbəri Şaiq müəllimə demişdim ki, əlavə girişin olması yaxşıdır,amma ona çəkiləcək xərc kifayət qədər böyükdür və xərci doğrultmur. Təhlükəli deyəndə həm də onu nəzərdə tuturam ki, yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək. Çünki su özünə yol tapacaq. Bəli hörmətli Azər müəllim, tikmək mümkündür. Amma zəhmət olmasa smetanı deyin bilək, görək dəyərmi. Həmin ərazilərdən təxminən 144 yeratı axın var. “Elmlər Akademiyası” xətti tikiləndə səhv etməsəm 144 yerdən betonlama və tampanaj işləri aparılmışdı. Bir növ bəndlər vurulmuşdu. Tikinti planlaşdırlan ərazidən bir az yuxarıda suyun özü-özünə toplandığı 13 000 kub hcmində tutumu olan su qaleriyası var. Şirin sudur. Həcmi saxlamaq üçün hər sutkada 3000 kub suyu kanalizasiya sisteminə ötürürlər.
Mühəndis Azər Axundov da yeni stansiyanın inşasının necə, hansı üsullarla aparılacağını bu formada açıqladı:
– Yeni stansiya layihələndiriləndə orada Şaxta-60 obyektinin mövcudluğu nəzərə alınıb. Stansiya NATM (Yeni Avstriya Tunel Metodu) üsulu ilə tikiləcək, yəni qapalı şəraitdə. Sadəcə lift şaxtası və girişlər üçün qismən açıq üsul istifadə olunacaq. Dərinliyi təxmini 37 metr olacaq, stansiyaya gələn tunellər yaşıl xəttin altından keçəcək. Stansiyanın layihə işləri bitəndə yəqin ki smetası da bilinər. Amma lap bahalı olsa belə, bu stansiyanın məqsədi yaşıl xəttə keçid etməkdir. Yəni stansiyanın orda olmağı çox vacibdir, çünki keçid rolunu oynayacaq. “Elmlər Akademiyası”nın ikinci çıxışı isə özünü doğruldub deyərdim. İnsanların rahatlığı və təhlükəsizliyi üçün pul xərcləmək israf deyil. Metro tikintisi Bakıya hava və su kimi vacibdir. Bir daha bildirmək istərdim ki, bu stansiya “bənövşəyi xətt”in üzərində olacaq və “Nizami” stansiyasına keçid stansiya olacaq. Bu layihə şəhərin şimal hissəsini mərkəzi ilə bağlayacaq, eyni zamanda hazırda işlək olmayan “bənövşəyi xətti” ən aktiv xətlərdən birinə çevirəcək. Ona görə deməzdim zəruri deyil. Zaman hər şeyi göstərəcək. Metro tikintisi onsuz da bahalı işdir, amma şəhərə verdiyi fayda və dolayı yolla qazandırığı şeylər daha çoxdur.
Sahib Məmmədov isə bu fikirdədir ki, bir stansiyanın tikintisi üçün bu layihə çox bahalıdır, həmin məbləğə başqa ərazilərdə bir neçə stansiya tikmək olar:
– Siz məsələyə yerin üstündən baxırsız mən yerin altından. Həmin ərazi problemli ərazidir. Mürəkkəb hidrogeoloji şəraitə malikdir. İnsan Marsda kaloniya tikmək istəyirsə, deməli orda da stansiya tikmək olar. Həm də bu hərəkətin intensivliyin artıracaq filan. Amma birincisi bu çox bahalı layihə olacaq, hanısının ki, əvəzini bir neçə yeni stansiya tikmək olar. İkincisi onsuz da ərazidə yeraltı suların hərəkət istiqaməti pozulub. İndi isə lap pozulacaq. 20 ildən sonra o ərazilərdə bütün binalar çökmək təhlükəsi qarşısıda qalacaq. Türk şirkətinin nə vecinədir ki, nə qədər pul xərclənəcək və gələcəkdə bizi hansı təhlükə gözləyir. Siz yeni texnologiyadan danışırsız. Məlumatınız varmı ki, Metropoliten iki müasir “Şit” alıb, hər birinin qiyməti fantastiq rəqəmlə ifadə olunan və onlar çöldə çürüyür. Niyə? Çünki Bakının hidogeoloji şəraiti imkan vermir belə aqreqatların işləməsinə. 28 may stansiyandn ikinci xəttə keçidin tikitisi 40 ildən çoxdur davam edir və bitmir. Yəqin bu da elə olar.
Azər Axundov mübahisələrə belə son qoydu:
– Yeni alınmış TBM-lər 2030 proqramına uyğun olaraq elə olduqları yerdə, yəni Y15 stansiyasının ərazisindən başlayaraq üzü Xətai istiqamətində istifadə olunacaq. Sadəcə uzun müddət açıq havada qaldığı üçün təmirə ehtiyacları olacaq çox güman. Hər bir geoloji şəraitə uyğun olaraq başlıqların növləri də olur, yəqin ki siz bunları bilirsiz. Onların orda qalmasına səbəb isə sadəcə həmin vaxt tikintilərin dayandırılması və planların dəyişməsidir. Dünyada Bakıdan daha mürəkkəb geoloji şəraiti olub metrosu olan şəhərlər yoxdur? Əlbəttə ki, var. Dünyada necə tikirlərsə, bizdə də elə tikəcəklər. Hər bir şəraitə uyğun da avadanlıq istifadə olunacaq. Ümid edirəm bu il artıq tenderin nəticələri və podratçı şirkətlər bilinəcək. Qalanını isə zaman göstərəcək.
Hazırladı, Məlahət Rzayeva
DOĞRU.AZ




























