Son günlər redaksiyamıza özünü hüquqşünas kimi təqdim edən Xəyal Məmmədovun fəaliyyəti ilə bağlı bir sıra məlumatlar daxil olub.
Doğru.az xəbər verir ki, redaksiyaya daxil olan məlumatlarda Məmmədovun hüquq təhsili, diplomu və peşəkar fəaliyyətini təsdiqləyən sənədlərlə bağlı açıq mənbələrdə kifayət qədər məlumatın olmadığı iddia edilir.
Bununla yanaşı, onun müxtəlif xarici ölkələrdə təhsil alması, müxtəlif vəzifələrdə çalışması, şirkətlər və dövlət qurumları ilə əməkdaşlıq etməsi barədə təqdimatlarının həqiqətə uyğunluğu ilə bağlı da sualların olduğu bildirilir.
Redaksiyaya daxil olan iddialara görə, Məmmədov əsasən Azərbaycanda fəaliyyət göstərən, eləcə də ölkəyə biznes məqsədilə gələn xarici vətəndaşlarla, o cümlədən Türkiyə vətəndaşları ilə əməkdaşlıq edib.
İddialarda qeyd olunur ki, bəzi şirkətlərlə əməkdaşlıq başa çatdıqdan sonra həmin şirkətlərdən müxtəlif məbləğlərdə pul tələb edilib. Tələb olunan vəsaitin ödənilmədiyi halda isə şirkətlər və onların rəhbərləri haqqında müxtəlif media resurslarında mənfi məlumatların yayımlanacağı ilə bağlı təzyiq göstərildiyi iddia olunur.
Həmçinin ayrı-ayrı xəbər saytlarının və televiziya kanallarının adlarından istifadə edilməklə şirkət rəhbərlərinə qarşı təzyiq göstərilməsi və maliyyə tələblərinin irəli sürülməsi barədə də iddialar səsləndirilir.
Məsələnin “Devin Media” ilə bağlı epizodda da gündəmə gəldiyi bildirilir. Açıq mənbələrdə Xəyal Məmmədovun daha əvvəl “Devin Media”da hüquqşünas vəzifəsində çalışdığı barədə məlumatlar yer alır.
Redaksiyaya daxil olan məlumatlara əsasən, əməkdaşlıq başa çatdıqdan sonra Məmmədov tərəfindən “Devin Media” barədə müxtəlif media qurumlarında mənfi məlumatların yayımlanacağı ilə bağlı təzyiq göstərildiyi və bunun müqabilində pul tələb olunduğu iddia edilir.
Bundan başqa, onun müxtəlif şirkətlərə qarşı əvvəlki dövrlərə aid videolardan və digər materiallardan istifadə etməklə təzyiq göstərdiyi, həmin materialları xəbər saytlarına və televiziya qurumlarına ötürdüyü də bildirilir.
Qeyd: Doğru.az olaraq səsləndirilən iddiaların həqiqiliyini təsdiqləmirik. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xəyal Məmmədovun açıqlaması və təqdim edəcəyi sənədlər olduğu təqdirdə, həmin mövqeyə yer veriləcək.
DOĞRU.AZ

























