Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.
Doğru.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.
Bildirilib ki, 2026-cı ilin birinci yarımili ərzində ümumilikdə 3489 elektron satınalma keçirilib və bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib. Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub. Əldə olunan nəticələr maliyyə intizamının gücləndirilməsi, əlavə xərclərin minimuma endirilməsi və satınalma məsrəflərinin optimallaşdırılmasına şərait yaradıb.
Rəqabətli mühitin genişləndirilməsi daha çox sahibkarın dövlət sifarişlərinə çıxış imkanlarını artırmaqla yanaşı, satınalma nəticələrinin daha səmərəli formalaşmasına da imkan yaradır. Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir.
Satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət də satınalma sisteminin mühüm elementidir. Bu prosesdə iştirak edən hər bir tərəfin funksiyası qanunvericiliklə müəyyən edilir. Dövlət satınalan təşkilatları satınalma prosesini həyata keçirir, sahibkarlar təkliflərini təqdim edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir.
Bu funksiyaların icrası çərçivəsində dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görülüb. I yarımildə müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokol ləğv edilib.
Bundan əlavə, dövlət satınalmalarının vahid internet portalının funksional imkanlarının genişləndirilməsi və satınalma ekosisteminin operativ və səmərəli təşkili istiqamətində praktiki addımlar atılıb. Artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa portal üzərindən formalaşdırılır. Bu yanaşma hüquqi və texniki şərtlərin daha dəqiq müəyyənləşdirilməsinə və satınalma prosesinin növbəti mərhələlərinin daha sistemli təşkilinə imkan verir.
Elektronlaşma istiqamətində atılan digər mühüm addım müxtəlif dövlət informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsidir. “E-tender.gov.az” portalı ilə Rəqəmsal dövlət maliyyəsi sisteminin “e-müqavilə” altsistemi arasında həyata keçirilmiş inteqrasiya da bu baxımdan mühüm əhəmiyyətə malikdir. İnteqrasiya yekunlaşmış satınalmalar üzrə müqavilə və təklif məlumatlarının “e-müqavilə” altsisteminə ötürülməsini və həmin sistem üzərindən imzalanmasını əhatə edir. İmzalanmış müqavilə barədə məlumatlar isə yenidən dövlət satınalmalarının vahid internet portalına ötürülür. Beləliklə, satınalma prosesinin müxtəlif mərhələləri arasında məlumat mübadiləsinin daha operativ və sistemli şəkildə həyata keçirilməsi təmin olunur.
DOĞRU.AZ

























