Ramiz Mehdiyevin istintaqa cəlb olunması ölkədə və idarəçilik sistemində yeni bir mərhələnin – illərlə toxunulmaz olan qaranlıq imperiyaların çöküşünün başlanğıcı oldu. Ramiz Mehdiyevin hakimiyyətdə olduğu illərdə onun yaxın ətrafı, xüsusilə də kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin adının çoxsaylı qanunsuzluqlara, mülk ələ keçirmə hallarına və ağır maliyyə maxinasiyalarına qarışması barədə məlumatlar dəfələrlə gündəmə gəlib. Bu gün isə həmin qanunsuzluqların üstündəki pərdə tamamilə aralanır və dəhşətli faktlar üzə çıxır.
NOCOMMENT.az xəbər verir ki, Şabranlı sahibkar Mansur İbrahimovun Musavat.com-a açıqlamalarında da haqlı olaraq qeyd etdiyi kimi, illərdir vətəndaşların üzləşdiyi haqsızlıqlar artıq dözülməz həddə çatıb. Məhz bu qaranlıq zəncirin bir halqası olaraq, Bakının mərkəzində – 28 May metrosu yaxınlığında, keçmiş aerokassaların yerində inşa edilmiş 22 mərtəbəli binada vətəndaşların başına gətirilənlər tam bir cinayət romanını xatırladır.
Vətəndaşların əlində olan rəsmi sənədlər və maliyyə arayışları açıq-aşkar sübut edir ki, illər öncə, 2006-cı ildə “NLT” şirkəti ilə bağlanan müqavilələrə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 705-ci məhəllə, 28 May 64/15 ünvanında tikilmiş binada vətəndaşlar tərəfindən böyük vəsaitlər ödənilərək mənzillər və avtomobil dayanacaqları alınıb.
Zərərçəkən Hüseyn Səfərov üzləşdiyi dələduzluğu bu cür ifadə edir:
“Mən həmin tikinti şirkətindən həm mənzil, həm də qaraj almışdım. Mənzil üç otaqlı idi və sahəsi 180 kvadratmetr təşkil edirdi. Məndə möhürlənmiş, rəsmi və orijinal müqavilələr mövcuddur. Sonradan şirkətə müraciət edərək 180 kvadratmetrlik sahənin üç otaq üçün çox olduğunu bildirdim və mənzili dörd otaqlı mənzil ilə dəyişdirməyi xahiş etdim. Şirkət nümayəndələri razılaşaraq mənzil dəyişimi üçün köhnə sənədi onlara təhvil verməyimi istədilər. Mən qarajın sənədlərini özümdə saxlayıb, mənzilin sənədini yeni sənədlə əvəz olunması üçün onlara təqdim etdim. Lakin bundan sonra süründürməçilik başladı və prosesi “bu gün-sabah” deyərək gecikdirdilər. Sonradan tələbimi daha kəskin şəkildə qoyduqda isə təzyiqlə qarşılaşdım, Ramiz Mehdiyevin adını çəkib tikintinin onun kürəkəninə məxsus olduğunu, başıma oyunlar gələcəyini dedilər. Beləcə sənədlərimi, evimi İlham Əlisəftər oğlu Əliyevdən ala bilmədim”.
Zərərçəkən deyib ki, ilkin müqavilələr və ödəniş çekləri ortada olsa da, İlham Əlisəftər oğlu Əliyevin adının hallandığı bu tikinti layihəsində vətəndaşlar aldadılaraq evləri əllərindən alınıb və bu günə kimi onlara qaytarılmayıb.
Məsələnin sensasion tərəfi təkcə mülkiyyət hüquqlarının pozulması deyil, həm də üzə çıxan böyük bir cinayətin ört-basdır edilməsi cəhdidir. Məlum olub ki, həmin binadakı tikinti şirkətinin bütün sənədləri və arxivləri yandırılıb.
Bir MTK-nın və ya tikinti şirkətinin arxivləri niyə yandırılmalıdır? Adətən arxivlər yalnız bir məqsədlə – törədilmiş ağır cinayətlərin, maliyyə maxinasiyalarının, vətəndaşlara qarşı törədilmiş dələduzluqların izini itirmək və məsuliyyətdən yayınmaq üçün yandırılır. Sənədlərin məhv edilməsi birbaşa cinayətin ört-basdır olunmasına xidmət edir.
Mülkiyyət hüququ tapdanan Hüseyn Səfərov son ümid kimi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib. H. Səfərov İlham Əlisəftər oğlu Əliyevin və onun ətrafının törətdiyi əməllərin dərindən araşdırılmasını, arxivlərin yandırılması faktına hüquqi qiymət verilməsini və qanuni yolla əldə etdikləri evlərin onlara qaytarılmasını istəyir.
DOĞRU.AZ
























