image-21d8caa98ff0f7c3backend

Hər 10 evdən 9-da var — Belə istifadə ediləndə ağır xəstəlik yarada bilər

Cəmiyyətdə mikrodalğalı sobaların sağlamlığa zərərli olduğu, qidaların tərkibini dəyişdiyi, hətta xərçəng riskini artırdığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu iddiaların elmi əsası varmı? Mikrodalğalı sobada qızdırılan qidaların qida dəyərində hər hansı ciddi dəyişiklik baş verirmi? Bu cihazlardan istifadə zamanı sağlamlıq üçün risk yaratmamaq adına hansı qaydalara mütləq əməl edilməlidir?

Doğru.az  bildirir ki, Demokrat.az-a bu barədə açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, mikrodalğalı sobalarda qida isidərkən, əgər düzgün qaydalara əməl olunursa və xüsusilə də keyfiyyətli mikrodalğalı sobadan istifadə edilirsə, qidaya hər hansı zərərli şüa yayıldığı ilə bağlı fikirlər daha çox miflərdən qaynaqlanır.

Onun sözlərinə görə, qidanın radiasiyaya məruz qalması və ya radioaktiv hala gəlməsi ilə bağlı iddialar elmi cəhətdən doğru hesab olunmur:

“Çünki mikrodalğalı soba qidanın tərkibindəki su molekullarını hərəkətə gətirərək istilik yaradır. Burada diqqət edilməli əsas məqam ondan ibarətdir ki, C və B qrup vitaminləri istiliyə həssas olduğuna görə qidalar uzun müddət mikrodalğalı sobada qızdırıldıqda və ya bişirilməyə məruz qaldıqda onların vitamin dəyəri azala bilər. Eləcə də həddindən artıq qızdırıldıqda yağlar termiki emala məruz qaldığı üçün oksidləşə bilər ki, bu da sağlamlıq üçün zərərli ola bilər. Digər bir məqam qabların seçimidir. Qablar düzgün seçilmədikdə və eyni zamanda bir qida təkrar-təkrar qızdırıldıqda, qidanın tərkibində baş verən dəyişikliklər səbəbindən bu, sağlamlıq üçün təhlükəli hesab oluna bilər. Yaxşı olar ki, ümumiyyətlə, bir çox bişirilmiş qida yalnız bir dəfə qızdırılsın. Bəzən ət və ət məhsulları qısa müddət qızdırıldığına görə qidanın bütün hissələri bərabər şəkildə isinmir. Nəticədə bəzi hissələr soyuq qala və ya temperatur fərqi yarana bilər ki, bu da xüsusilə ət məhsullarında daha çox müşahidə olunur. Bu isə bakteriyaların inkişafı üçün əlverişli şərait yarada bilər. Ona görə də qida böyük həcmdədirsə, onu yaxşı qarışdırmaq, hissələrə bölmək və tam isinməsinə diqqət yetirmək lazımdır.

Eyni zamanda bəzən uşaq qidaları da mikrodalğalı sobada qızdırılır. Bu zaman qida qeyri-bərabər isindiyi üçün bəzi hissələri həddindən artıq isti ola bilər və bu, uşağa zərər verə bilər. Həmçinin yaxşı olar ki, fast-food və hazır alınan qidalar mikrodalğalı sobada qızdırılmasın. Çünki onların tərkibindəki yağların oksidləşməsi qidanın tərkibində dəyişikliklərə səbəb ola bilər.

Mikrodalğalı sobalarda şüşə və ya keramik qablardan istifadə etmək daha məqsədəuyğundur. Uzun müddət otaq temperaturunda qalmış qidanın qızdırılması da risk yarada bilər. Çünki bu zaman qidada olan bakteriyalar tam məhv olmaya və ya çoxala bilər. Buna görə də bu məqama diqqət yetirilməlidir.

Bundan əlavə, mikrodalğalı sobanın içi mütəmadi olaraq təmizlənməlidir. Bəzən yemək isidildikdən sonra sobanın içərisində qida qalıqları qalır və ya bəzi yeməklər partlayaraq ətrafa sıçrayır. Növbəti dəfə yemək isidilərkən bu qalıqlar təmizlənməzsə, çarpaz çirklənmə baş verə bilər ki, bu da qidanın təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Plastik qablarda, hətta az müddət qızdırıldıqda belə, həmin plastikin tərkibində olan bisfenol A (BPA) maddəsi qidaya keçə bilər. Bu maddə xüsusilə hormonal sistemə mənfi təsir göstərə bilər. Buna görə də mikrodalğalı sobada qidanı plastik qablarda deyil, şüşə və ya keramik qablarda qızdırmaq daha məqsədəuyğundur.

Ümumiyyətlə, mikrodalğalı sobadan gündəlik istifadə olunacaqsa, qidanın keyfiyyətli və təzə olmasına diqqət yetirilməli, həmçinin düzgün qablaşdırma materiallarından istifadə edilməlidir”, – deyə ekspert fikrini tamamlayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki