O getdi, amma misraları bizimlə danışacaq…
Məncə, şairlər ölümə ən çox müqavimət göstərən insanlardır. Onlar gedir, amma misraları qalır…
Azərbaycan poeziyasının böyük nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin vəfat xəbəri məni sükutla üz-üzə qoydu…
Nəriman Həsənzadə sadəcə şeir yazan şair deyildi. O, sevginin, ayrılığın, həsrətin, insan taleyinin, Vətənin, ananın və zamanın şairi idi. Onun yaradıcılığında həyatın ən böyük həqiqətləri bəzən çox sadə, çox doğma sözlərlə ifadə olunurdu. Elə buna görə də onun şeirlərində hər kəs özündən bir parça tapırdı.
Onun poeziyasında insan taleyinin müxtəlif üzləri var: bəzən bir sevginin həsrəti, bəzən doğma torpağın ağrısı, bəzən də zamanın insan qarşısında qoyduğu suallar…
Ən çox sevdiyim “Nərdivan” şeiri xüsusi məna daşıyır. Nərdivan burada yalnız bir əşya deyil, insan ömrünün simvoludur. İnsan həyatı boyu pillə-pillə qalxır, arzularına, məqsədlərinə doğru irəliləyir. Amma hər qalxışın bir enişi, hər zirvənin bir sonu var. Şair bu sadə obrazın içində həyatın böyük həqiqətini göstərir: insan nə qədər yüksəlsə də, ömrün pillələri bir gün sona çatır.
Bəlkə də, “Nərdivan”ın sonu elə ölümdür…
“Nərdivan”ı bu gün oxuyanda şairin öz taleyinə də başqa cür baxırıq. O, ömrünün pillələrini qalxdı, sözlə öz zirvəsini yaratdı və indi həmin zirvədən bizə misralarını miras qoyub getdi.
Nəriman Həsənzadənin şeirlərindəki səmimiyyət də məhz buradan gəlirdi. O, oxucu ilə arasında görünməz bir məsafə yaratmırdı. Misraları insanın içində gizlənən duyğulara toxunurdu.
“Mənə üfüq boyda geniş səmanı, göydə buludları, yerdə dumanı, dənizdə dalğanı sən bağışladın, bu hüsnü-mənanı sən bağışladın.”
Bu misralar illər keçsə də, köhnəlməyəcək. Çünki həqiqi poeziyanın yaşı olmur. Həqiqi şeir zaman keçdikcə susmur, əksinə, yeni nəsillərin dilində yenidən doğulur.
İndi Nəriman Həsənzadə yoxdur…
Amma onun “Sən bağışladın”ı var, “Fikir eləmə”si var, “Könlüm şeir istəyir” deyən səsi var. Onun misralarını sevən insanlar, kitablarını vərəqləyən oxucular var.
Və ən əsası, onun sözü var.
Şairlər ölmürlər. Çünki onlar öz ömürlərini sözə çevirirlər. Söz isə insan ömründən uzun yaşayır.
Nəriman Həsənzadə də getdi…
Amma onun şeirləri hələ uzun illər bizimlə danışacaq.
Bəzən bir sevginin içində, bəzən bir ayrılığın kədərində, bəzən bir ananın duasında, bəzən də doğma Vətənin adı çəkiləndə…
İlahə Tofiqqızı
DOĞRU.AZ
























