Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası səhnəsində Azərbaycan musiqi həyatı üçün əlamətdar yubiley konserti təşkil olunub.
Doğru.az xəbər verir ki, tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” Kamera Orkestrinin 40 illiyinə və Uşaq-Gənclər Simfonik Orkestrinin 20 illiyinə həsr edilib.
1986-cı ildə Xalq artisti Teymur Göyçayev tərəfindən yaradılan “Tutti” Kamera Orkestri illər ərzində ölkə daxilində və xaricdə uğurla çıxış edib, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç tərəfindən yüksək qiymətləndirilib.
Uşaq-Gənclər Simfonik Orkestri isə Rostropoviçin ideyası və Mehriban Əliyevanın təşəbbüsü ilə 2006-cı ildən fəaliyyət göstərir. Orkestr Belçika, Hollandiya, Almaniya və İsveçdə, həmçinin UNESCO-nun Parisdəki baş qərargahında konsertlərlə çıxış edib.
Yubiley gecəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri orkestr, solist və vokalçıların ifasında səsləndirilib.
DOĞRU.AZ




























