image-img-20260722-wa0117backend

Əkinçi”dən rəqəmsal mediaya uzanan yol

Bir əsrdən artıq davam edən mətbuat yolu: dəyişən informasiya dünyası, dəyişməyən jurnalist məsuliyyəti

22 İyul – Milli Mətbuat Günü təkcə bir peşə bayramı deyil. Bu tarix Azərbaycan mətbuatının keçdiyi uzun yolu, sözün və jurnalistikanın cəmiyyət həyatındakı rolunu xatırladan əlamətdar gündür.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız illər ərzində böyük inkişaf yolu keçib. O dövrdə qəzet yalnız xəbər mənbəyi deyil, həm də maarifçilik və milli düşüncənin formalaşdığı bir tribuna idi. Bu gün informasiya vasitələri dəyişsə də, jurnalistikanın əsas missiyası dəyişməyib: doğru və etibarlı məlumatı cəmiyyətə çatdırmaq.

Mənim jurnalistika yolum isə hələ məktəb illərindən başlayıb. İlk məqalələrim çap olunanda məktəbli idim. 1999-cu ildə əmək kitabçadına “müxbir” yazılan o balaca qız, bəlkə də, bu vəzifənin arxasında dayanan məsuliyyətin miqyasını o zaman tam anlamırdı. İllər sonra ilk yazılarıma baxanda isə bir şeyi aydın görürəm: qələmimlə millətimə və doğru bildiyim dəyərlərə sadiq qalmağa çalışmışam.

Qəzetdə qazandığım təcrübə məni sonralar televiziyaya gətirdi. ATV-də “Son Xəbər” proqramı ilə başlayan televiziya fəaliyyətim xəbəri daha operativ şəkildə geniş auditoriyaya çatdırmaq imkanı verdi. Amma bu sahədə çalışan hər kəs bilir ki, xəbərin sürəti qədər məsuliyyəti də böyükdür.

Bu gün texnologiyanın inkişafı ilə xəbər mənbələri də dəyişib. Sosial şəbəkələr informasiyanın ən sürətli yayıldığı platformalara çevrilib. Ancaq sürət artdıqca dəqiqliyin əhəmiyyəti də daha çox hiss olunur. Çünki xəbəri ilk çatdırmaq vacibdir, amma doğru çatdırmaq daha vacibdir.

Bu gün çalışdığım Doğru.az saytında da əsas prinsiplərimizdən biri məhz budur. Bizim üçün xəbər yalnız operativ deyil, həm də dəqiq və etibarlı olmalıdır. İllərin təcrübəsini bir araya gətirən peşəkar kollektivimizlə oxucunun etimadını qorumağın məsuliyyətini hər gün hiss edirik.

Mətbuat dəyişir, texnologiya dəyişir, informasiya kanalları dəyişir. Amma jurnalistin əsas məsuliyyəti dəyişmir. Doğru sözü axtarmaq, faktı yoxlamaq və cəmiyyətə etibarlı informasiya çatdırmaq.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bu peşəyə illərini həsr edən bütün həmkarlarımı təbrik edirəm.

Peşə bayramınız mübarək, əziz həmkarlarım!

İlahə Tofiqqızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki