22 iyul – Milli Mətbuat Günü Azərbaycan mediasının tarixində qürur, məsuliyyət və peşəkarlıq bayramıdır. 151 il əvvəl böyük maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoydu. Həmin gündən bu günə qədər Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsində, dövlətçiliyin möhkəmlənməsində və həqiqətin ictimaiyyətə çatdırılmasında mühüm missiya daşıyır.
Ümummilli Lider Heydər Əliyev hər zaman medianı cəmiyyətin güzgüsü, dövlətlə xalq arasında etibarlı körpü hesab edirdi. Onun müəyyən etdiyi media siyasəti ölkəmizdə söz və məlumat azadlığının inkişafına, peşəkar jurnalistikanın formalaşmasına mühüm töhfələr verdi. Məhz həmin siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə 2021-ci ilin yanvar ayından etibarən həyata keçirilən media islahatları və qəbul edilən yeni qanunvericilik media mühitinin daha sağlam, peşəkar və şəffaf əsaslarla inkişafına geniş imkanlar açdı. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin dəstəklənməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi bu siyasətin mühüm nəticələrindəndir. Bu şərəfli yolun bir parçası olmaq mənim üçün böyük qürurdur.
Artıq 13 ildir media sahəsində fəaliyyət göstərirəm. İlk illər foto-müxbir, son 6 ildə isə Doğru.az xəbər portalının direktoru olaraq ölkəmizdə baş verən hadisələri operativ, obyektiv və məsuliyyətli şəkildə ictimaiyyətə çatdırmağa çalışmışam.
Doğru.az kollektivi daim dəqiq, operativ və qərəzsiz informasiya təqdim etməyi fəaliyyətinin əsas prinsipi seçib. Fəaliyyətimizin nəticəsi olaraq xəbər portalımız 1 iyun 2023-cü il tarixindən Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyata alınıb, 28 may 2025-ci il tarixində isə Azərbaycan Mətbuat Şurasının üzvü olub. Bu, bizim üçün yalnız status deyil, həm də daha böyük məsuliyyət və etimad deməkdir.
Bu il “Doğru.az“-ın fəaliyyətə başlamasının artıq 6 ili tamam olur. Bu illər ərzində qazandığımız təcrübə, oxucularımızın etimadı və dövlətimizin mediaya göstərdiyi diqqət bizi daha böyük hədəflərə ruhlandırır. Məqsədimiz yalnız xəbəri çatdırmaq deyil, cəmiyyət üçün etibarlı informasiya mənbəyi olmaq, milli maraqları qorumaq və peşəkar medianın inkişafına öz töhfəmizi verməkdir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, qələmin gücünə, sözün dəyərinə və həqiqətin işığına xidmət edən hər bir həmkarıma möhkəm can sağlığı, tükənməz enerji və yeni yaradıcılıq uğurları arzulayıram.
Milli mətbuatımızın 151 illik yolu davam edir. Bu yolun adı həqiqət, peşəkarlıq və Vətənə xidmətdir.
İlqam Cəbiyev – Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü, Doğru.az İnformasiya Portalının və DoğruTV-nin rəhbəri.
























