Ukrayna Rusiyanın müxtəlif bölgələrinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Modern.az xəbər verir ki, Tambov vilayətinin Kotovsk şəhərində yerləşən logistika mərkəzinə PUA zərbəsi endirilib. Vilayət qubernatoru Yevgeni Pervışovun məlumatına görə, hadisə zamanı gecə növbəsində çalışan 7 nəfər həlak olub.
İlkin məlumata əsasən, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 23-ü Kotovsk, Tambov və vilayət xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti son dərəcə ağır, 6 nəfərin vəziyyəti ağır, 16 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Əksər yaralanmaların qəlpə xəsarətləri olduğu qeyd edilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, FHN əməkdaşları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Logistika mərkəzində baş verən yanğın söndürülsə də, ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.
Eyni zamanda, Moskva vilayəti də PUA hücumlarına məruz qalıb. Vilayət qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hücumlar nəticəsində ümumilikdə 26 nəfər xəsarət alıb.
DOĞRU.AZ
























