Azərbaycanın musiqi mədəniyyətinin banisi, dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında genişmiqyaslı elmi-praktiki konfrans və konsert proqramı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin müasir dövrdə aktuallığını və gənc bəstəkarların yaradıcılığına göstərdiyi fundamental təsirini vurğulamışdır. “Sənətdə varislik prinsipi biz bəstəkarlar üçün mənəvi bir borcdur. Bizim bugünkü yaradıcılığımız, kamera-instrumental əsərlərimizdəki axtarışlarımız Üzeyir bəy klassikasından qidalanan budaqlardır. Bu konfrans dahi bəstəkarın 140 illik yubileyinə gedən yolda bizim elmi və bədii hesabatımız, onun ruhuna olan səmimi ehtiramımızın ifadəsidir. Musiqi tariximizin qurucusu Üzeyir Hacıbəyliyə həsr olunmuş hər bir addım bizi öz köklərimizə daha da bağlayır. Bu proqramda elm və musiqinin vəhdətini görmək olduqca sevindiricidir. İnanıram ki, səslənəcək yeni tədqiqatlar və ifalar gənc musiqişünaslarımızın sənət yoluna yeni işıq salacaqdır.”
Musiqi ictimaiyyəti, tanınmış mədəniyyət xadimləri və professor-müəllim heyətinin iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Milli Məclisin deputatı Aydın Mirzəzadə də yer almışdır. Millət vəkili çıxış nitqində bildirdi ki, “Bu gün biz burada təkcə bir konfrans üçün deyil, Azərbaycan mədəniyyətinin simvolu, milli musiqimizin banisi Üzeyir bəy Hacıbəylinin ölməz irsinə olan ehtiramımızı bildirmək üçün toplaşmışıq. Üzeyir bəy sadəcə dahi bəstəkar deyil, o, Azərbaycanın milli kimliyini notların dili ilə dünyaya tanıdan böyük bir maarifçi və ictimai xadim idi.
Mən bu gün proqramla tanış olarkən çox qürurlandım. Görürəm ki, burada həm dərin fəlsəfi məruzələr səslənir, həm də gənc ifaçılarımız dahi bəstəkarın əsərlərinə yeni nəfəs verirlər. Xüsusilə “Müasir Azərbaycan bəstəkarlarının Üzeyir Hacıbəyli irsinə baxışı” mövzusu olduqca əhəmiyyətlidir. Bu, onu göstərir ki, Üzeyir bəyin qoyduğu təməllər üzərində ucalan Azərbaycan musiqisi bu gün də yaşayır, inkişaf edir və müasir bəstəkarlarımız üçün tükənməz bir mənbədir.
Dövlətimiz hər zaman sənət adamlarına, mədəniyyətimizin tədqiqatçılarına böyük diqqət və qayğı ilə yanaşıb. Bəstəkarlar İttifaqının bu cür elmi-bədii tədbirlər təşkil etməsi, gənc musiqişünasların fəaliyyəti bizim mənəvi sərvətlərimizin gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayır.
Mən çıxış edən bütün məruzəçilərə, musiqi nömrələrini hazırlayan müəllim və tələbələrə uğurlar arzulayıram. İnanıram ki, bu gün səslənən hər bir fikir, hər bir melodiya Azərbaycan mədəniyyətinin zənginləşməsinə xidmət edəcəkdir.”
Sevda Hüseynovanın aparıcılığı ilə idarə olunan konfransın elmi hissəsində musiqişünaslığın aktual problemlərini əks etdirən geniş maruzələr dinlənilmişdir:
İlahə Qismət (Bəstəkarlar İttifaqının katibi) müasir bəstəkarların yaradıcılığında dahi sənətkara həsr olunmuş simfonik əsərlərin bədii-estetik xüsusiyyətlərini təhlil etmişdir.
Səadət Təhmirazqızı (Sənətşünaslıq üzrə fəlsəfə doktoru) müasir musiqişünaslıq elmində Üzeyir Hacıbəyli irsinə dair aparılan yeni tədqiqatların elmi əhəmiyyətindən bəhs etmişdir.
Aysel Kərim (Bəstəkarlar İttifaqının Mətbuat xidmətinin rəhbəri) müasir bəstəkarların Ü. Hacıbəyliyə həsr etdiyi kamera-instrumental əsərləri mövzusunda məruzə ilə çıxış edərək, bu əsərlərin janr və üslub zənginliyini diqqətə çatdırmışdır.
Tədbirin bədii hissəsində müasir Azərbaycan bəstəkarlarının yaradıcılıq nümunələri səsləndirilmişdir.
Sara Dilruba, Lalə Əhmədova və Üzeyir Məmmədovun bəstələri beynəlxalq müsabiqələr laureatları və istedadlı gənclər tərəfindən yüksək peşəkarlıqla ifa olunmuşdur. Həmçinin proqramda Üzeyir Hacıbəyli- “Arşın mal alan“ operettası – Müqəddimə 4 qanun üçün İlham Azmanlının müəllifi olduğu işləməsi yer aldı.
Tədbirin sonunda Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” operettasından Gülçöhrənin elegiyası və Gülçöhrənin Ariyası Əməkdar artist Nərgiz Kərimova tərəfindən ifa edildi. Tədbir auditoriya tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Bu konfrans bir daha sübut etdi ki, Üzeyir Hacıbəyli ənənələri müasir Azərbaycan musiqi elmi və ifaçılıq sənətinin sarsılmaz təməlidir.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi; Aysel KƏRİM


























