Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçiriləcək.
Doğru.az xəbər verir ki, bu barədə AZƏRTACa məlumat verilib.
Nəşrlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
Kitablarda hər iki xalqın xalq və müəllif nağılları yer alır, xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlərlə təqdim olunur.
Təqdimat çərçivəsində Özbəkistandakı Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin açılması da nəzərdə tutulur. Layihənin uşaqlar arasında mütaliə marağını artıracağı və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.
DOĞRU.AZ

























