ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İranla qarşıdurmanın davam etdirilməsi fonunda yaranan sursat çatışmazlığı və artan gərginlik səbəbindən mümkün çıxış yollarını müzakirə edir.
Doğru.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Den Keyn mövqeləri əlaqələndirmək və ABŞ Prezidenti Donald Trampa eskalasiyanın daha da artması ilə bağlı riskləri çatdırmaq məqsədilə administrasiyanın əsas üzvləri ilə bir sıra məxfi görüşlər keçirib.
ABŞ hərbi komandirləri və kəşfiyyat rəsmiləri arasında hava zərbələrinin də müəyyən həddə çatdığı barədə fikir getdikcə güclənir. Dəqiq idarə olunan raketlərin və hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının azalması əsas maneələrdən birinə çevrilib.
Bundan əlavə, ABŞ hərbi rəhbərliyinin hava hücumlarının İranı təslim olmağa məcbur etməyəcəyinə dair qənaətə gəldiyi bildirilir. Donald Tramp isə ABŞ qoşunlarının böyük itkilərlə üzləşə biləcəyi ehtimalını nəzərə alaraq genişmiqyaslı quru əməliyyatına qarşı çıxır.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent daha əvvəl Vaşinqtonun İranla 30-60 günlük atəşkəs razılaşması əldə edə biləcəyini açıqlamışdı.
DOĞRU.AZ
























