Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə yeni təyinat həyata keçirilib.
Doğru.az xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov təyin olunub.
Bildirilib ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O, müxtəlif illərdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, eyni zamanda ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.
Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavriat və magistratura təhsili alıb. Daha sonra xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində ABŞ-də Kolumbiya Universitetində sosiologiya ixtisası üzrə magistratura təhsilini başa vurub.
Qeyd edək ki, Azərbaycanın bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir. Onların əsas vəzifəsi Azərbaycan təhsilinin xaricdə təbliği, beynəlxalq təhsil əməkdaşlığının inkişafı, eləcə də Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsinə dəstək göstərməkdən ibarətdir.
DOĞRU.AZ

























