2025-ci ildə Azərbaycanda dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb.
Doğru.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə Azərbaycanda dövlət satınalmaları sisteminin daha müasir, rəqəmsal və rəqabətə əsaslanan model üzrə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
“Elektron satınalma alətləri genişləndirilir, satınalma proseslərinin daha çevik, optimal təşkili və biznes subyektlərinin bu proseslərdə iştirak imkanlarının artırılması istiqamətində tədbirlər görülür”.
AİBNDA sədr müavini qeyd edib ki, rəqəmsal transformasiyanın nəticələri elektron satınalmaların sayı və həcmində də özünü göstərir. Onun sözlərinə görə, 2025-ci ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb.
“Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 17,9% təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir”, – deyə Mirzə Mirzəyev vurğulayıb.
Sədr müavini bildirib ki, müsbət dinamika 2026-cı ilin ilk yarısında da davam edib. Belə ki, cari ilin I yarımili ərzində 3500-ə yaxın elektron satınalma keçirilib və həmin satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
O qeyd edib ki, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub. Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ isə 294,3 milyon manat təşkil edib.
“Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% təşkil edib”, – deyə AİBNDA rəsmisi əlavə edib.
Mirzə Mirzəyev dövlət satınalmalarının vahid internet portalı olan “etender.gov.az”ın funksional imkanlarının genişləndirilməsi və digər dövlət informasiya sistemləri ilə inteqrasiyasının satınalma proseslərinin daha əlçatan, operativ və səmərəli təşkilinə imkan verdiyini bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə həyata keçirilmiş inteqrasiyalar bu istiqamətdə atılmış mühüm addımlardandır.
AİBNDA sədrinin müavini biznes subyektlərini dövlət satınalmalarında daha fəal iştirak etməyə çağırıb.
“Biz bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırırıq. Çünki iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir”, – deyə o bildirib.
Mirzə Mirzəyev media nümayəndələrinin dövlət satınalmaları sahəsində baş verən yeniliklərin və əldə olunan nəticələrin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını da qeyd edib.
O vurğulayıb ki, media məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, mürəkkəb hüquqi və iqtisadi proseslərin daha anlaşıqlı şəkildə izah olunmasına, cəmiyyətdə məlumatlılığın artırılmasına və bu sahəyə ictimai marağın formalaşmasına mühüm töhfə verir.
“Agentlik media ilə açıq və konstruktiv dialoqa hər zaman hazırdır. Bugünkü təlimimiz də məhz bu məqsədlərə xidmət edir”, – deyə Mirzə Mirzəyev əlavə edib.
DOĞRU.AZ

























