Böyük Britaniyada bu yay meşə yanğınlarının sayı rekord həddə çatıb.
Doğru.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Yanğın Rəisləri Şurasının sədri Fil Qarriqan “Sky News”a açıqlamasında bildirib. Onun sözlərinə görə, son 24 saat ərzində ölkədə 43 yeni meşə yanğını qeydə alınıb.
Qarriqan bildirib ki, ölkədəki yanğınsöndürmə və xilasetmə xidmətləri hələ də yüksək meşə yanğını təhlükəsi ilə üz-üzədir. Uels, Hempşir və Sturbricdə üç böyük yanğın hadisəsinin baş verdiyi qeyd olunub.
Şura sədrinin sözlərinə görə, 2026-cı ildə qeydə alınan yanğınların sayı artıq 2025-ci ilin rekord göstəricisini keçib. İngiltərə və Uelsdə ötən il 1 017 meşə yanğını qeydə alınmışdı.
Qarriqan vəziyyətin iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsində olduğunu vurğulayıb.
Qeyd edək ki, son günlər Böyük Britaniyada yüksək temperatur və quraqlıq fonunda meşə yanğınlarının sayı kəskin artıb. Ölkədə əhalinin böyük hissəsinə yanğın təhlükəsi ilə bağlı fövqəladə xəbərdarlıq da göndərilib.
DOĞRU.AZ

























