image-n1karobka_ads
image-img-20260206-wa0248backend

“Epşteyn adası”nda təşkil edilən ov… Uşaqlarımızın kompüterdə bu “ov oyunu”nu izləyir?

Yeniyetmələr, gənclər, hətta uşaqların da kriminallaşmasında internet resursları, kompüter oyunları, sosial şəbəkələr, rəqəmsal platformalar əsas səbəb kimi göstərilir. Bu günlərdə açıqlanan “Epşteyn faylları”nda dəhşətli, tükürpədici hadisələr barədə məlumatlar üzə çıxıb. Məlum olub ki, Epşteyn adlı adada bəşəri cinayətlər törədilirmiş, həm də uşaqlara qarşı. Daha bir təhlükəli xəbərlərdən biri də budur ki, deyilənə görə, həmin adaya dəvət olunan dünyaca tanınmış şəxslər, dövlət xadimləri, biznesmenlər və sair. üçün ov səhnəsi düzəldilirmiş. Adada girov saxlanan adamları meşədə qaçmağa məcbur edir, tannmışlarsa sanki həqiqitən heyvan ovuna çıxırmış kimi onların ardınca düşərək “ovlaırmışlar”. Bunun nə dərəcədə doğru olduğu yəqin ki bilinəcək. Dəqiq olansa budur ki, rəqəmsal platformalarda oxşar ov səhnələri olan oyunlar var. Uşaq, yeniyetmə, böyük, fərq etmir, internet resurslarında vaxt keçirənlər yəqin ki bu oyunları da görür, izləyir və məsafədən iştirakçı olurlar. Belə bir mühitdə uşaqların, eləcə də böyük-kiçik – hamının aqressivləşəcəyi ehtimalı da böyükdür. Cəmiyyətdə zatən bu, müxtəlif formalarda özünü biruzə verir. Bir sıra ölkələr artan, cəmiyyəti sardıqca-saran təhlükəni görərək internet resurslardan istifadəyə yaş mədudiyyəti tətbiq edirlər. Müxtəlif ölkələrdə yaş həddi müxtəlifdir. Ölkəmizdə hələ ki belə bir məhdudiyyət tətbiq olunmur. Sosial şəbəkələrdə milli dəyərləri açıq təhdid edən paylaşımlar, çağırışlar isə qanunla qadağan edilib artıq. Lakin yenə də bəzi kəsimlərin qanuna məhəl qoymadığını görürük. Sosial şəbəkə, internet qadağası aqressiyanın, cəmiyyəti təhdid edən təhlükələrin qarşısını almaq üçün yetərlidirmi? 

Sosioloq Yusif Nəbiyev hesab edir ki, kompüter oyunları, zorakılıq təbliğ edən paylaşımlar, filmlər, rəqəmsal məzmunlar qeyri-humanizm ideyalarını sadəcə əyləncə formasında təbliğ edir, cəmiyyətə ötürür. İnsanlar bunu əyləncə kimi qəbul edir, mahiyyətə isə varmırlar:

– İnsan alveri və onun ən ekstremal formaları, o cümlədən “insan ovu”, müasir dövrdə sadəcə kriminal problem deyil, həm də dərin sosial patologiyadır. İfrat sərhədsizlik və dırnaqarası “azadlıq” şəraitində insan özü də istehlak obyektinə çevrilir. Burada məsələ təkcə cinayətkar şəbəkələr deyil, güc, pul və cəzasızlıq hissi ilə formalaşmış “elit” zövqlərdir. İnsan həyatının ov obyektinə çevrilməsi, təəssüf ki, bizə cəmiyyətin yuxarı təbəqələrində empatiyanın nə dərəcədə sıradan çıxmasını göstərir. Bu artıq yabanı və ibtidai barbarlıq yox, texnoloji və təşkilatlanmış barbarlıqdır.

Sosioloq bildirdi ki, rəqəmsal mühit də öz növbəsində bu cür zorakı və qeyri-insani ideyaların normallaşmasına xidmət edir. Kompüter oyunları, filmlər və s. zorakılığı estetikləşdirərək onu “əyləncə” formasına salır:

– Medianın uzun müddətdə bizim reallıq qavrayışımızı formalaşdırdığı faktı artıq hər kəsə məlumdur. Bir uşaq davamlı olaraq insanın ovlandığı, öldürülmənin oyunlaşdırıldığı məzmunla qarşılaşırsa, onun üçün həyatın dəyəri tədricən sadəcə şifahi önəm kəsb edən bir anlayışa çevrilir. Buna görə də bir çox ölkələrdə uşaqlar üçün sosial şəbəkə məhdudiyyətləri artıq “azadlıq əleyhinə addım” yox, qoruyucu mexanizm kimi dəyərləndirilir.

Qəribədir ki, biz uşaqlarımızı real həyatın təhlükələrindən qorumaq adı ilə onları planşetlərin, youtube-ların ixtiyarına veririk, amma görünən budur ki, ekranın içindəki reallıqdan daha çox qorxmalıyıq, nəinki real həyat. Əlbəttə ki, burada problem texnologiyanın özündə yox, onun nəzarətsiz və sərhədsiz istifadəsindədir. Əgər biz cəmiyyət olaraq uşaqlarımızı erkən yaşdan etibarən rəqəmsal zorakılığa qarşı maarifləndirmiriksə, sosial şəbəkəyə qadağa gətirməyimiz problemi sadəcə ertələməyə xidmət edəcək. Onu həll etməyəcək. Burada əsas məsələ texnologiyanın özünün xarakteristikası yox, etik və sosial normalardadır.

Məlahət Rzayeva

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki