Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Doğru.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Açılış matçı Yevlaxda təşkil olunacaq. Saat 17:00-da başlayacaq görüşdə Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Karvan-Yevlax” “Qəbələ”ni sınağa çəkəcək. Autsayderlərin duelini Rauf Cabarov idarə edəcək.
Turnir cədvəlində Qəbələnin eyniadlı klubu 21 xalla 11-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Günün son oyununda “Kəpəz” Sumqayıtdakı “SOCAR Polimer Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 19:30-da start götürəcək.
Hazırda 40 xalı olan Naxçıvan təmsilçisi 7-ci, 27 xalı olan Gəncə klubu isə 10-cu sırada yer alıb.
Qeyd edək ki, XXXII tura mayın 16-17 keçiriləcək oyunlarla yekun vurulacaq.
DOĞRU.AZ

























