Son dövrlər bəzi saytlarda Gəncənin futbol simvolu olan “Kəpəz” PFK ilə bağlı ardıcıl tənqidi materialların dərc olunması diqqət çəkir.
Doğru.az xəbər verir ki, tənqid jurnalistikanın əsas prinsiplərindən biri olsa da, bu prosesin məqsədli kampaniya xarakteri alması artıq suallar doğurur.
Xüsusilə Sportlife.az saytında yayımlanan yazılarda balanslı yanaşmanın və qarşı tərəfin mövqeyinin verilməməsi açıq şəkildə hiss olunur. Əvəzində isə klub rəhbərliyini sərt tənqid edən, bəzən etik çərçivəni aşan fikirlər ön plana çıxarılır.
Media etikası isə tələb edir ki, səsləndirilən ittihamlarla yanaşı, qarşı tərəfin də mövqeyi təqdim olunsun. Əks halda bu, informasiya deyil, birtərəfli yanaşma kimi qiymətləndirilir.
Müşahidələr göstərir ki, bu yazıların arxasında müəyyən gözləntilər də dayanır. Media qurumlarının əməkdaşlıq və reklam istəyi normal haldır. Lakin bu istəklər informasiya təzyiqi ilə müşayiət olunursa, bu artıq jurnalistika prinsiplərinə ziddir.
“Kəpəz” yalnız bir klub deyil – bu ad Gəncənin futbol tarixi, azarkeş sevgisi və şəhərin qürurudur. Klub ətrafında süni gərginlik yaratmaq nə idmana, nə də medianın nüfuzuna xidmət edir.
Media azadlığı məsuliyyət tələb edir. Əgər məqsəd problemləri işıqlandırmaqdırsa, obyektivlik və balans əsas şərtdir. Əks halda oxucu gerçəyi özü ayırd etməyi bacarır.
Çünki azarkeş üçün əsas olan sensasiya yox, həqiqətdir.
DOĞRU.AZ


























