image-n1karobka_ads
image-123
image-martyrs_lane_5backend

Zəfər baharının ilk qaranquşları — 20 Yanvar şəhidləri

image-add-a-heading

Yaralı uşaqlığımızdan qalib yaddaşımıza

Qanlı Şənbə gecəsi — mənim və yaşıdlarımın uşaqlıq yaddaşında 20 Yanvar bir tarixdən çox, bir travma kimi həkk olunub. Sahildən gələn gəmi siqnalları, qaranlığı yarıb keçən siren səsləri, televiziya studiyasının partladılması xəbəri… O gecə qorxu ilk dəfə bu qədər real, bu qədər yaxın idi. Uşaqlıq zehnimiz o gecə təhlükəsiz olmadığını anladı.

Qanlı Şənbə gecəsi — başımıza özü boyda qara yaylıq bağlanan gecə idi. Analarımızın, bacılarımızın göz yaşları ilə susdurulan gecə… O gecə təkcə insanları yox, bir millətin uşaqlığını yaraladı. Qorxu ilk dəfə ana səsi qədər doğma oldu.

Səhəri gün Bakı qana bələnmiş halda oyandı. Küçələrdə səssizlik hökm sürürdü, amma bu sükutun içində bir şəhərin boğulan fəryadı vardı. İnsanların baxışlarında çaşqınlıqla yanaşı, ağır bir dərd, izahı çətin olan itki hissi oxunurdu. Uşaqlıq gözlərimiz ilk dəfə ölümü bu qədər yaxından gördü.

Biz böyüdük. İllər keçdi. Amma 20 Yanvar yaddaşımızda dəyişməz qaldı — qorxu ilə yanaşı, milli oyanışın başladığı gün kimi. Qanlı Şənbə gecəsi xalqın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına köçdü. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünyaya azərbaycanlıların gücünü, vətən sevgisini göstərdi. O gecə şəhid olanlar Zəfər baharının ilk qaranquşlarına çevrildilər.

Bu gün qürurvericidir ki, bir zamanlar məktəblərdə 20 Yanvar faciəsini hüznlə qeyd etdiyimiz akt zallarında indi şagirdlər Zəfər Bayramını qeyd edirlər. O illərdə sinif otaqlarında kədərli səslə “Qərənfil, ağla” bayatısı oxunurdusa, bu gün həmin məkanda Zəfər marşı səslənir. Bu dəyişiklik təkcə zamanın yox, dövlətçilik düşüncəsinin dəyişməsinin bariz göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial dövlət siyasəti nəticəsində Azərbaycan artıq yalnız matəmlə deyil, qələbə ilə xatırlanan tarix yazır. 20 Yanvar şəhidlərinin başladığı azadlıq yolu bu gün qalib Azərbaycanın reallığında öz məntiqi sonluğunu tapır. Bu Zəfər — yaralı uşaqlığımızın qalib yaddaşa çevrilməsidir və şəhidlərimizin ruhuna verilən ən böyük töhfədir.

İlahə Tofiqqızı

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki