İstedadlı müğənni Leyla Rəhimova ölkənin ən mötəbər səhnələrindən biri olan Heydər Əliyev Sarayında “Dostlar əhatəsində” adlı solo konsert proqramı ilə çıxış edib.
Doğru.az xəbər verir ki, musiqi dolu gecədə sənətçi repertuarının ən sevilən mahnılarını canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Konsert proqramında Azərbaycan və türk dillərində səsləndirilən mahnılar böyük maraqla qarşılanıb. Canlı orkestrin müşayiəti və emosional ifalar gecəyə xüsusi ovqat bəxş edib.
Leyla Rəhimova konsert boyu iki dəfə səhnə geyimini dəyişərək fərqli obrazlarda izləyicilərin qarşısına çıxıb və tamaşaçıların rəğbətini qazanıb.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qonaqlarla yanaşı, Türkiyə, Özbəkistan, İtaliya, Qırğızıstan və digər ölkələrdən gələn sənətsevərlər də iştirak ediblər. Xarici qonaqların konsertə göstərdiyi böyük maraq müğənninin yaradıcılığının ölkə hüdudlarından kənarda da sevildiyini nümayiş etdirib.
“Dostlar əhatəsində” adlı konsert proqramında xüsusi qonaqlar da səhnəyə çıxaraq öz ifalarını təqdim ediblər. Onların çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu, Leyla Rəhimovanın sayca ikinci solo konsertidir.
DOĞRU.AZ


























