image-2000x150px
image-123
image-ads_atlas
image-380195823_284440464478853_2430790605615894216_nbackend

Türk Dünyası Notariat Birliyi türk dövlətləri arasında notariat sahəsində ən yaxşı təcrübələri paylaşmağa imkan verəcək

image-728x90px

Xəbər verildiyi kimi, bu günlərdə Türkiyədə Türk dünyası dövlətləri arasında yeni birlik – Notariat Birliyinin yaradılması haqqında müvafiq Anlaşma Memorandumu imzalandı. Bununla bağlı tədbirdə iştirak edən Azərbaycan Ədliyyə Nazirliyi nümayəndə heyətinin üzvü, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov medianın suallarını cavablandırmışdır.

– Hörmətli İlqar müəllim, türk dövlətlərinin notariusları arasında belə birliyin yaradılması ilə bağlı keçirilən tədbirin iştirakçısı olaraq təəssüratlarınızı öyrənmək istərdik.

– Təşəkkür edirəm. Məlum olduğu kimi, Türk dünyası coğrafi baxımdan geniş əraziyə malik olmaqla Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğız kimi ortaq tarixə köklərə malik türk dövlətlərini və xalqlarını bir-biri ilə birləşdirir və bu gün onlar müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla əməkdaşlıq edirlər.

Burada Türk ölkələri dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə imzalanmış Saziş ilə yaradılmış Türk Dövlətləri Təşkilatını xüsusi qeyd etmək istərdim. Həmin təşkilat çərçivəsində əlaqələr 20-dən çox yüksək səviyyəli toplantıların geniş çeşidi ilə fərqlənir. Artıq Ədliyyə Akademiyalarının Tədris üzrə Türk Şəbəkəsi yaradılmışdır.

İndi isə Türk Dünyası ölkələrinin notariusları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni bir təşkilatın yaradılması qərara alındı. Bununla bağlı qardaş Türkiyənin Ədliyyə Nazirliyinin yüksək səviyyədə təşkilatçılığı ilə Ankarada mötəbər tədbir keçirildi və türk dövlətləri, o cümlədən insanlara hüquqi xidmələrin göstərilməsində əməkdaşlıga önəm verən Azərbaycan orada ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olundu. Bütövlükdə türk dünyasından 500-dək nümayəndə, həmçinin Türk Dövlətləri Təşkilatının məsul şəxsləri bu tədbirdə iştirak edirdi.

Tədbirdə türk dövlətlərinin ədliyyə, notariat orqanlarının rəhbərləri çox maraqlı çıxışlar edərək notariat sahəsində təcrübələri ilə bölüşdülər. Bildirməliyəm ki, Azərbaycanın bu sahədə nailiyyətləri, xüsusilə rəqəmsal innovasiyalar tətbiq etməklə əhaliyə göstərdiyi çevik, asan və şəffaf notariat xidmətləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Bu mənada yeni yaradılan Notariuslar Birliyi türk dünyasının hüquq və ədliyyə seqmentinin inkişafına və əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olmaqla türk dövlətləri arasında notariat sahəsində ən yaxşı təcrübələri paylaşmağa, qurumlar arasında işbirliyini inkişaf etdirməyə imkan verəcəkdir.

Türk dövlətlərin notariat palatalarının rəhbər şəxsləri tərəfindən imzalanmış Anlaşma Memorandumu çərçivəsində notariat qanunvericiliyinə və praktikalarına, notariat xidmətlərinin keyfiyyətinin artırılmasına dair məlumat, təcrübə və bilik mübadiləsi həyata keçiriləcək, bu məqsədlə notariat fəaliyyətləri və iş prosedurlarını öyrənmək üçün qarşılıqlı məsləhətləşmələr, görüşlər, simpoziumlar, seminarlar və tanışlıq səfərləri təşkil ediləcəkdir.

– Bəs aparılan notariat əməliyyatları türk ölkələrində eyni hüquqi qüvvəyə malik olacaqmı, yəni, istənilən notariusda təsdiq edilən hazır sənədi digər türk dövlətlərində əldə etmək mümkündürmü?

– Qeyd etməliyəm ki, bu gün ölkəmizin notariatının imkanları ən yüksək standartlara cavab verir. Bu sahədə tətbiq edilən qabaqcıl həllər və müasir avadanlıq vasitəsilə notariuslar müxtəlif notariat hərəkətlərini elektron qaydada rəsmiləşdirmək imkanına malikdirlər. Hər hansı hazır notariat sənədinin bilavasitə digər türk ölkələrin notariat qurumlarında əldə olunmasına gəlincə, notariuslar arasında qurulan bu yeni əməkdaşlıq formatında mövcud olan informasiya sistemlərinin inteqrasiya hesabına şəbəkənin yaradılması və notariat sənədlərinin Birliyin üzvü olan dövlətlərin notariat ofislərində əldə edilməsi məsələsinə gələcəkdə baxıla bilər.

Hazırda isə ölkəmizdə notariat ofislərində təsdiq olunan sənədlər innovativ brendimiz olan “Mobil notariat” vasitəsilə əldə olunur. Geniş populyarlığa malik və yüksək məmnunluq doğuran bu tətbiq vasitəsilə insanlarımız dünyanın istənilən yerində, o cümlədən türk dövlətlərində müxtəlif növ notariat xidmətlərindən fasiləsiz rejimdə mobil telefonları ilə yararlana bilirlər.

Ölkəmizdə investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Elektron xidmətlərin genişləndirilməsi çərçivəsində Azərbaycanda elektron imzalanmış sənədlərin xaricdə təqdim edilməsini mümkün edəcək elektron apostil proqramının da istifadəyə verilməsi nəzərdə tutulur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki