Türkiyədən idxal olunan energetik içkinin tərkibində sildenafil maddəsinin aşkar olunması ciddi narahatlıq yaradıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyalarının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Qeyd olunur ki, sildenafil maddəsi Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxildir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dərman vasitələri qida məhsulu hesab edilmir və onların tərkibinə qatılmasına yol verilmir. Sildenafil əsasən impotensiya əleyhinə preparatlarda istifadə olunur və bu maddənin içkilərə əlavə edilməsi xüsusilə gənclərdə sonsuzluq riski yarada bilər.
Məsələ ilə bağlı Doğru.az-a danışan həkim-pediatr enerji içkilərinin hər kəs üçün, xüsusilə uşaqlar üçün təhlükəli olduğunu bildirib:
“Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi və həkimlər dəfələrlə bildiriblər ki, enerji içkiləri insan orqanizmi üçün ziyanlıdır. Xüsusən uşaqlarda asılılıq yaradır, baş ağrısı, mədə-bağırsaq pozuntusu, stress, yuxusuzluq, ürək döyüntülərinin artması kimi problemlərə səbəb olur. Enerji içkiləri keyfiyyətsiz hazırlanır, tərkibində kofein çoxluq təşkil edir ki, bu da uşaqlar üçün daha təhlükəlidir. Valideynlərə ciddi şəkildə tövsiyə edirik ki, uşaqlara bu içkiləri verməsinlər.”
Pediatr əlavə edib ki, tərkibində kimyəvi qatqılar, rəngləndiricilər, yüksək miqdarda şəkər və nişasta olan içkilər və “abur-çubur” qidalar uşaqlarda erkən yaşlardan asılılıq yaradır.
Həkim-terapevt V.Qarayev isə əlavə risklərə diqqət çəkib:
“Sildenafil bəzi xəstəliklərin müalicəsində istifadə olunur, lakin həkim nəzarəti olmadan qəbulu ciddi fəsadlara səbəb ola bilər. Baş ağrısı, qızdırma, ürəkbulanma, görmənin zəifləməsi, sinə ağrısı, nəfəs darlığı kimi simptomlar yarada bilər. Ürək-damar, qaraciyər problemləri olan şəxslər üçün xüsusilə təhlükəlidir.”
Onun sözlərinə görə, energetik içkilərdəki kofein, şəkər, taurin, guarana kimi maddələrin normadan artıq qəbulu insan sağlamlığı üçün ciddi risk yaradır. Kofeinin çox qəbul edilməsi qıcolma, maniya, aritmiyalar, insult və hətta qəfil ölümə səbəb ola bilər.
Səhiyyə Nazirliyi 18 yaşına çatmayan yeniyetmələrə, hamilə qadınlara, süd verən analara, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəlikləri olanlara enerji içkilərindən tamamilə imtina etməyi tövsiyə edir.
ÜST Avropa Bürosunun hesabatına görə, enerji içkiləri gənclərdə sağlamlıq risklərini artırır. Bir çox ölkələrdə bu içkilərin 18 yaşdan kiçik şəxslərə satışı və məktəb, idman zalları, xəstəxanalarda reklamı qadağandır.
Məlahət Rzayeva
DOĞRU.AZ




























