image-n1karobka_ads
image-123
image-1673503413_274704073_5631610863522024_8599802442384987664_nbackend

Psixoloq Elmir Əkbər: “Neqativ, aqressiya daşıyan informasiyalardan uzaq durun”

image-ad_qayo_720x110px

Həyat davam edirsə, müxtəlif xarakterli insanlar toplusu – cəmiyyət varsa, kriminal hadisələr də labüddür. Hisslərinə hakim olmayanlar, qəddarlığı norma kimi qəbul edənlər, gücsüzü əzməyə çalışanlar, etik qaydalardan xəbərsiz nadanlar hər bir cəmiyyətdə mövcuddur. Təəssüf doğuran budur ki, ailə dəyərlərinin, ali keyfiyyətləri özündə birləşdirən adət-ənənələrin əsrlərdir qorunaraq günümüzə çatdırıldığı ölkəmizdə son illərdə aşınmalara daha çox rast gəlinir. Səbəb nədir? Müasirləşmə, rəqəmsal dünya, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsimi? İnsan necə bir ruhi vəziyyətdə olmalıdır ki, doğmasına qəddarcasına münasibət bəsləsin, kimisə qətlə yetirsin, valideynlərinə qarşı zalım davransın?!

Xüsusən gənclər arasında getdikcə çox yayılan aqressiyanın səbəblərini psixoloq Elmir Əkbərlə müzakirə etdik. Görək, nə dedi:

Həqiqətən də cəmiyyətimizdə aqressiyanın faizi həddindən artıq yüksəlib. Mənim elmi işimin mövzusu aqressiya ilə bağlıdır, deyə bu kimi hadisələri təhlil edirəm. Təhlil apardıqca qəddarlığı stimullaşdıran bir sıra ümumi, obyektiv, sosial səbəblərin olduğu görünür. Hazırda informasiya bolluğudur, hətta hədsiz bolluqdur. Hər cür informasiyalara sərbəst çıxış imkanları hüdudsuzdur. Həyat əvvəlki kimi aramla, sakit keçmir. Məlumat çoxdur, bu isə beyində gərginlik yaradır.

Cəmiyyətə xas individual məqamlar da var. İnsanlar beyinlərində toplanmış neqativlərdən azad olmurlar. Məsələn, idmanla məşğul olmurlar, təbiət qoynuna gəzintiyə çıxmırlar, doğmalarıyla, qohum-əqrəba, dost-tanışla ünsiyyətdə deyillər, get-gəl yoxdur. Hamı özünə qapanıb, dar çərçivədə yaşayır. Başlarını yalnız pul qazanmağa, yaşayışlarını təmin etməyə qarışdırıblar, kimsə başını qaldırıb ətrafda nə baş verdiyini fərq etmir. Yaşayış çətinləşib deyə buna imkan da yoxdur. Ona görə də insanlar getdikcə bir-birinə yadlaşır. Hətta doğma insanlar da bir-birindən uzaqlaşır. Mehribanlıq itir, doğma insan da yad kimi görünür.

Bu, gənc bir insanın doğmasına, lap yad olsun, kiməsə əl qaldırmasına, hörmətsizlik etməsinə əsas verirmi?

Əsas vermir, amma şərait yaradır. Əgər ülvi hisslər qalmayıbsa, “bu atamdır, bu anamdır, onlarla sərt, qəddar davranmayım”, “insanlara xoş münasibət bəsləyim” kimi düşüncədən uzaqlaşır insan. Nəticədə cinayət törətməkdən çəkinmir, cinayət ona adi görünməyə başlayır. Cinayətlərin ağırlıq dərəcəsini insan anlamalı, bilməlidir. İnsan öz profilaktikası ilə məşğul olmalıdır. Aqressiya yaradan filmləri izləməməli, mahnıları dinləməməlidir. Müsbət işlərlə, ruhi rahatlıq gətirəcək, ürəyini sevindirəcək işlərlə məşğul olmalıdır. İnsanlar öz psixoloji vəziyyətinin normallaşmasına, ruh halının müsbət aurada olmasına çalışmalıdırlar. Təəssüf ki, insanlar təşviş və depressiyaya çox zaman barmaqarası baxırlar. Halbuki belə hallar insanın psixoloji vəziyyətini getdikcə gərginləşdirib cinayətə sürükləyə bilər.

Amma özündən xəbərsiz insan psixoloq məsləhətini də dinləməz.

İndi psixoloqlar çoxalıb. Sosial şəbəkə üzərindən də psixoloji yardım təklif edilir. Bilinmir, kim həqiqi mütəxəssisdir, kim saxta həkimdir. Seanslar təşkil edirlər, amma insanlara faydası olmur. Kompüter oyunları, smartfonlarla keçirilən zaman insanın sinir sistemini sıradan çıxarır. İzlənilən aqressiya məzmunlu hansısa görüntü şüuraltında ağır iz qoyur. Zəif psixologiyaya malik insanlara belə görüntülər tez təsir edir. Təsir altına düşürlər və müxtəlif cinayət tərkibli əməllərə əl atırlar. Gündəlik sağlam həyat tərzi keçirməlidir hər bir insan. İnsanın yuxu rejimi normal olmalıdır. Ruhi sakitlik təmin edilməlidir.

Bu, böyük ölçüdə bizim özümüzdən asılıdır. İnsan şüurlu varlıqdır, nəyin zərərli, nəyin faydalı olduğunu özü ayırd edə bilər. Ailədə və iş yerində səmimi münasibətlərin olması vacibdir. Belə olmadıqda mövcud gərginlik artır, insan qəddarlığa meyllənir.

Məlahət  Rzayeva

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki