ABŞ-li aktyor Pol Avery həyat yoldaşı Şeyla Avery ilə birlikdə evdə baş verən yanğın nəticəsində həyatını itirib.
Ajans.az WFMZ telekanalına istinadən xəbər verir ki, hadisə Nyu-Cersi ştatının Bleystaun şəhərində qeydə alınıb. Cütlük yaşayış evində baş vermiş yanğın zamanı binada olub.
Hadisə yerinə gələn xilasedicilər və təcili yardım əməkdaşları onların həyatını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb. Yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
Pol Avery daha çox “All My Children” (“Bütün Uşaqlarım”) serialındakı Hyui obrazı ilə tanınırdı. O, serialda uzun illər Foxy’s məkanında çalışan xarizmatik personajı canlandırıb.
Aktyor həmçinin 1978-ci ildə ekranlara çıxan məşhur “Supermen” filmində kiçik rollardan birində iştirak edib. Bundan başqa, Avery yerli “Ridge View Echo” qəzetinin təsisçisi kimi də tanınırdı.
Pol Avery və həyat yoldaşının ölümü ilə bağlı xəbərlər həm pərəstişkarları, həm də həmkarları arasında böyük üzüntü yaradıb.
DOĞRU.AZ

























