image-ads_n1karobka_mobile
image-img-20260430-wa0204backend

Elxan Cəfərov: Yeniyetmələr tariximizi filmlə sevməlidir

“Akinak” bu gün kinoteatrda təqdim olundu, film mayın 1-dən geniş tamaşaçı auditoriyası üçün nümayişə çıxacaq

Nizami Kino Mərkəzində “Akinak” tammetrajlı bədii filminin mətbuat nümayəndələri üçün xüsusi təqdimatı bu gün baş tutub.

Təqdimat mərasimində çıxış edən filmin quruluşçu rejissoru Elxan Cəfərov Doğru.az-a verdiyi eksklüziv müsahibədə layihənin əsas ideyasından danışıb. Rejissor bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənc nəsildə tarixə maraq oyatmaqdır:

“Biz istədik ki, uşaqlar və yeniyetmələr tariximizi dərs kimi yox, maraqlı hekayə kimi qəbul etsinlər. Ona görə də ‘Akinak’ı daha çox macəra janrında, uşaq filmi üslubunda təqdim etdik.”

Onun sözlərinə görə, film Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qobustanda lentə alınıb və məkan seçimində əsas məqsəd qədim atmosferi tamaşaçıya daha real çatdırmaq olub.

Rejissor qeyd edib ki, ekran əsərində milli kimlik, qəhrəmanlıq və birlik ideyaları ön plandadır:

“Bu film sadəcə əyləncə deyil. Burada mesaj var — biz kimik, haradan gəlmişik və bu torpağın dəyəri nədir.”

Qeyd edək ki, “Akinak” filmi mayın 1-dən etibarən kinoteatrlarda nümayiş olunacaq və öz tamaşaçılarını gözləyir.

İlahə Əliyeva

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki