Gəncədə orta məktəb şagirdlərinin dönərdən zəhərlənməsi bir sıra suallara cavab tapılmasını zəruri edir. Uşaqların məhz dönərin tərkibindəki ətdən və ya əlavə qatqı maddələrindən zəhərlənməsi aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Lakin digər düşündürücü məqam – şagirdlərin niyə məktəbdən çıxıb dönər almalarıdır.
Deyə bilərsiniz ki, uşaqlardır, aclığını dəf etmək üçün yaxınlıqdakı dönərçiyə gedirlər. Elə məsələ də bundadır. Niyə övladlarımız qidalanmaq üçün evdə ana və ya nənənin bişirdiyi yeməyi deyil, küçədə dönər, fast-food, hamburger yeməyi seçir?
Dönərlərin keyfiyyətsiz hazırlandığı dəfələrlə aşkarlanıb, aidiyyəti qurumlar bir çox dönərxananın fəaliyyətini dayandırıb. Valideynlər bunu bilə-bilə övladlarının sağlamlığına biganə yanaşırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Doğru.az”a bildirib ki, dönərdən zəhərlənmələr davam edəcək, nə qədər ki bu sahədə ciddi dönüş yoxdur:
“Ölkədə dönərləri təmiz ətdən hazırlayıb, dana və toyuq ətlərini şişə taxıb mənfi 40 dərəcə şok dondurmadan keçirən cəmi iki müəssisə var. Lakin dönərxanaların bəlkə də 1-2 faizi bu ətləri alır. Digərləri bir dəfə alır, sənədləri divara asır, sonra isə öz bildiyi kimi hazırlayır”.
E. Hüseynovun fikrincə, zəhərlənməyə səbəb çox zaman ət deyil, istifadə olunan əlavə qatqı maddələri olur:
“Ətin zəhərlənmə verməsi üçün xarab olması lazımdır. Xarab ətin rəngi, iyi dəyişir, bunu hər kəs hiss edə bilər. Hesab edirəm ki, əsas səbəb ətə vurulan mayonez, ketçuplar, həmçinin boyat, dünəndən qalan dönərlərdir. Dönər bu gündən sabaha saxlanırsa, soyuducuda da qida üçün yararsızdır”.
Onun sözlərinə görə, təhlükəli ətlərin istifadəsi ilə bağlı faktlar da mövcud olub, lakin son vaxtlar yoxlamalar zəifləyib:
“Valideynlər elə etməlidir ki, uşaqlar dönərə, fast-fooda alışmasın. Valideyn övladının sağlamlığına diqqət etməlidir. 2 manat verib ‘nə istəyirsən al, ye’ deməklə məsələ bitmir. Dönər köşkləri məktəblərin yaxınlığında açılır, qızardılmış ətin qoxusu uşaqları cəlb edir. Keyfiyyətə nəzarət yoxdur”.
Ekspert bildirir ki, bu problemlər həll edilmədikcə, zəhərlənmə halları davam edəcək. Onun sözlərinə görə, normal dönərin qiyməti 3-4 manat arasında olmalıdır.
Həkim-pediatr Vaqif Qarayev də məsələdə hər iki tərəfin – həm valideynlərin, həm də nəzarət strukturlarının məsuliyyəti olduğunu deyir:
“Qida təhlükəsizliyi strateji məsələdir. Plansız yoxlamalar ləğv olunub. Plansız yoxlama yoxdursa, dönərxanalar sanitar qaydalara əməl etməyəcək. Valideyn məsuliyyəti də əsas faktordur. Uşağın qida rejimi var. Səhər ana çantaya bir qida qoymalı, tapşırmalıdır ki, küçədə heç nə yemə”.
Həkim qeyd edir ki, ayaqüstü qidalanma mədə-bağırsaq problemlərinə səbəb olur:
“Valideynlərin çoxu uşaqlarının qəbizliyindən şikayət edir. Niyə? Çünki quru qidalara, hazır paketlənmiş məhsullara üstünlük verilir. Uşaqlarınızı ev yeməkləri ilə qidalandırın, bir az əziyyət çəkib evdə yemək və şirniyyat hazırlayın”.
Məlahət Rzayeva
DOĞRU.AZ




























