Yeni il bayramı günlərində gəzinti zamanı diqqətimi çəkən mənzərələrdən biri də əhalinin “MacDonalds” “KFC”, “Pizza Mizza”, “Pizza Hut City” və sair. qəlyanaltı yeməkləri təqdim olunan restoran-kafelərin qapısı önündə uzun növbələr idi. Sanki valideynlər səhər erkəndən uşaqlarının əlindən dartıb küçəyə çıxarıblar, günorta saatlarında aclıq onlara üstün gəlib, “nə yeyək”, “harda əyləşək”, düşünürkən ağıllarına ancaq bu məkanlar gəlib. Bu məkanların qapısı önündə əməlli-başlı növbələr vardı. Bu mənzərə 1990-cı illərdəki çörək, yağ növbəsini xatırladırdı.
İnsanların zövqü, ağız dadı müxtəlif ola bilər, bu, təbiidir. Bizim kimin nə yeyib-içdiyinə müdaxilə etmək fikrimiz də yoxdur. Lakin məsələ təkcə zövq, ağız dadı, istəkdə deyil. Məsələ daha ciddidir. Fast-food yeməkləri orqanizmə ziyanlıdır, xüsusən də uşaqlar üçün ciddi fəsadlar yaradır. Bunu biz yox, tibb, həmçinin qida sahəsinin mütəxəssisləri bildirir. Böyük Britaniya bu ciddiyyəti gözardı etməyərək axşam saat 21:00-dək (uşaqların yuxulama vaxtına qədər) fast-food yeməklərinin telekanallarda reklamını, eləcə də sosial şəbəkə üzərindən onlayn alış-veriş çağırışlarının yayımlanmasını qadağan edib. Səbəb olaraq göstərilir ki, bu qidalar ziyanlıdır, onların ziyanı nəticəsində əmələ gələn xəstəliklərin müalicəsinə dövlət büdcəsindən sərf olunan vəsait satışından əldə olunan vəsaitdən qat-qat artıqdır. Adamlar ölçüb-biçib xeyri, zərəri. Təəssüf ki, bizim ölkəmizdə belə haqq-hesab aparılmır. Mütəxəssislər xəbərdarlıq edir, tövsiyə verir, amma çifayda! Yerindən qalxıb, ayaq tutub yeriyən məhz bu tez-bazar yeməklərinə əl atır. Reklam da sərbəst. Televiziyada, küçədə, hər yerdə. “Acmısan? Biz hazırıq. Gətirək evinizin kandarına!”. Mobedlər şütüyür yollarda sağa-sola. Daşıdıqları da burger, fast-food, pizza, dönərdi. Cəlb edir, alışdırır, vərdiş etdirirlər insanları. Bəs ziyanı, zərəri?
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovla bu haqda söhbət apardıq. Nədir fast-food yeməkləri. Görün Ağa Saalamov nə deyir:

– Ümumiyyətlə, Azərbaycan mədəniyyətində “fast food” anlayışı yoxdur. Bizim mədəniyyətimiz “slow food” üzərində qurulub – yəni çətin hazırlanan, ev yeməkləri. Bu, birinci məsələdir. İkincisi, indi deyə bilərlər ki, Ağa Salamov geri qalıb, müasirləşməyib, dünya modernləşir və s. Xeyr, dünya modernləşə bilər, amma bu modernləşmə təhsil və elm üzərində qurulmalıdır. Elmi araşdırmalar göstərir ki, Azərbaycan mətbəxi tam formalaşmış bir mətbəxdir. Onun zülal balansı da, karbohidrat tərkibi də, mineralları da yerindədir. Həm qaydası ilə, həm də təqdimatı ilə öz sözünü deyir. Bu, elmi cəhətdən sübut olunmuş faktdır. Fast food məsələsinə gəldikdə isə, biz mədəniyyətdən danışırıq. Ayaqüstü yeyilən bu tip yeməklər bizim mədəniyyətimizə ziddir. Bu da məsələnin başqa bir tərəfidir.
– Ağa müəllim, bu qidaların zərərlərini də tibb mütəxəssisləri bildirir.

– Bu, tibbin vəzifəsidir. Bəli, zərərlidir. Fast-food təkcə obezitəyə (artıq çəki, piylənmə) səbəb olmur. Uşaqlarda artıq çəki, ürək-damar sistemi pozuntuları, müxtəlif sağlamlıq problemləri yaradır. Bunları həkimlər yaxşı bilirlər. Amma burada əsas məsələ sağlamlıqdan da önəmli – milli dəyərlərdir. Uşaq ailədə elə tərbiyə almalıdır ki, milli mətbəximizin nə olduğunu, onun mənasını, keçmişini, tarixini, hətta siyasi və dövlət maraqları baxımından əhəmiyyətini başa düşsün. Milli mətbəx uşaqlara aşılanmalıdır və bu, birmənalı şəkildə vacibdir. Təəssüf ki, bu gün valideynlərin çoxu uşaqlarına milli yeməklərdən daha çox fast food yedizdirir.
– Amma bir çoxları əsas gətirir ki iş, ev, uşağın məktəbi, çatdırmaq olmur, hazır qidalar köməyə çatır.

– Mən sizə milli yeməklərimizi necə, hansı şəkildə qəlyanaltı yeməkləri halına gətirmək olar, deyib. Bax, bu məsələdə Özbəkistandan dərs almaq lazımdır. Onlar küçə yeməklərində belə öz milli mətbəxlərini təqdim edirlər – özbək plovunu sadə formada, amma milli kimliyini qoruyaraq satırlar. Biz bunu edə bilərikmi? Əlbəttə, edə bilərik. Bəs niyə etmirik? Çünki istəmirik. Məsələnin bir tərəfi də budur.Axı biz də “küçə yeməkləri”də özümüzün milli mətbəxini – “slow food” tərzini tətbiq edə bilərik – və bunu etmək mümkündür. Məsələn, qardaş Türkiyədə “gözləmə” deyilən bir yemək var, bizdə isə onun qarşılığı qutabdır. Saçı düz çevirib “gözləmə””ni pide kimi bişirirlər, biz isə tərs çevirib qutab hazırlaya bilərik. Bunu təqdim etmək olar? Əlbəttə ki, olar. İki-üç nəfərlə, səliqəli, qapalı bir məkanda – nə soyuq vuran, nə külək tutan, nə də həddindən artıq isti olan şəraitdə – bu cür yeməkləri rahatlıqla hazırlamaq mümkündür. Bu, turistlər üçün də çox maraqlı olar. Onlar bunu çəkib paylaşar, sosial şəbəkələrdə yayımlayarlar. Məsələn, lavaş bişirib, həmin lavaşın arasına müxtəlif tərəvəzlər qoyaraq tərəvəz bükməsi təqdim etmək olar. Bu həm gəlir gətirər, həm də milli dəyərlərimizi yaşadar. Milli mətbəximizdə kükü var. Kükünü təndirdə hazırlamaq olar və onunla birlikdə milli təndir çörəyimizi təqdim etmək mümkündür. Təndirdə bişən çörəyin arasına kükü qoyub təqdim edə bilərlər. Yəni “kükü burger” – çörək arası kükü. Burger istəyirsiniz, buyurun, bu da sizə burger. Yesinlər. Ziyanı olmayacaq, faydası isə çoxdur. Bu milli mətbəxdir: kükü, təndir çörəyi. Kükünün tərkibində olan göyərtilər zəngin mikroelementlərlə doludur. Bu mikroelementlər insan orqanizmi üçün çox faydalıdır. Amma fast-foodlarda bunlar yoxdur. Fast-food əsasən boş karbohidratdır. Ya da kartof-fri. Hansı yağda bişirilir? Allah bilir. O kartofları qızartdıqları yağ gündəlik dəyişdirilirmi? İnanmıram. Vaxtları yoxdur. Birincisi bu. İkincisi isə maliyyə baxımından sərf eləmir, xərclər artır. Ona görə də görürsünüz ki, bizim milli mətbəximizdə trans yağ yoxdur. Bizim milli mətbəximizdə təndir var. Qoy təndir açsınlar, turistlər üçün də maraqlı olsun. Təndir çörəyinin arasına şor-kərə yağı, kükü və ya ciyər-quyruq qoysunlar. Hətta yanında bir manqal da qursunlar.
-Görün, nə qədər yemək növü sadaladınız…

– Bizim milli mətbəximiz o qədər zəngindir ki, orada yad qidalara – fast-food kimi zərərli qidalara yer olmamalıdır. Ciyər-quyruq, kabablar, lülə lavaş arasında, tikə lavaş arasında – o qədər variant var ki, milli mətbəximizi küçə yeməklərində belə zənginləşdirmək mümkündür. Bunlar B12 vitamini ilə zəngindir, qana lazımdır, orqanizm üçün faydalıdır. Bir məsələni də əlavə etmək istərdim. Bizdə qoz küküsü var, ləvəngi küküsü var, göyərti küküsü var və sair. Bunları da mütləq qeyd etmək lazımdır. Eləcə də plovlarımızın müxtəlif çeşidləri var və bunlar təqdimatlarda ayrıca vurğulanmalıdır. Biz sacın içində plov da təqdim edə bilərik, lavaşın arasında qovurma da, hətta sadrçı formasında da. Yəni, milli mətbəximizin imkanları çox genişdir və biz bunu qorumalıyıq. Bu gün bütün dünya “slow food”a, yəni çətin və zəhmət tələb edən, amma sağlam yeməklərə üstünlük verir.
– Bu qədər yemək növü varkən, niyə faydalı olanı yox, zərərli olanı yeyirir və yediririk uşaqlarımıza?

– Çünki reklam bunun üzərində qurulub. Düzdür, demək olmaz ki, kababı hər gün yemək olar. Amma heç olmasa, küçəyə çıxanda yeyilən yemək də faydalı olsun. Yedikləri canlarına yatsın, sağlamlıqlarına xeyir versin. Bir məsələni də qeyd edim. Böyük Britaniyada “dünya mətbəxi” anlayışı var. Orada Hindistan mətbəxi də var, müxtəlif ölkələrin küçə yeməkləri də var. Öz küçə yeməkləri isə əsasən fish and chips kimi quru yeməklərdir. Açıq deyim, onlar öz milli mətbəxlərini sevmirlər. Milli mətbəxləri demək olar ki, alt-üstdür. Bu, mənim şəxsi fikrim deyil. Universitetdə imtahan zamanı qarşıma çıxan bir sual idi. Sual belə idi: “Hansı ölkə öz milli mətbəxini bəyənmir?” Variantlar arasında Böyük Britaniya göstərilmişdi. Çünki onların klassik mənada formalaşmış milli mətbəxi yoxdur. Amma bizim milli mətbəximiz var. Həm də geniş, zəngin, tarixi-mədəni köklərə və iqtisadi əsaslara söykənən bir mətbəxdir. Bəli, bizim mətbəx ağırdır – yəni zəhmət tələb edir, gec hazırlanır. Amma faydalıdır. Deyəcəklər ki, yağlıdır. Bəli, yağlıdır. Amma gəlin fərqi ayıraq. Trans yağ birbaşa ürək–qan damar sistemini sıradan çıxarır. Bunu istənilən vicdanlı həkim təsdiqləyə bilər. Amma heyvan mənşəli təbii yağlar ürəyə tıxanıqlıq yaratmır. Çünki onların tərkibində əvəzolunmaz yağ turşuları var – insan orqanizmi üçün lazım olan maddələrdir. Təbii ki, hər şey qədərində olmalıdır. Kiminsə sağlamlıq problemi varsa, həkim məsləhəti ilə yeməlidir. Ürək-damar sistemi problemi olan insan öz rejiminə diqqət etməlidir, bu, mübahisəsizdir. Bu gün Böyük Britaniyada sağlam qidalanma hesabına dövlət nə qədər böyük iqtisadi qənaət edib – milyardlarla funt sterlinq. Niyə? Çünki orada sığorta sistemi var. İnsanlar sığorta ilə həkimə gedir, dövlət sığortaya pul ayırır. İnsan nə qədər az xəstələnsə, nə qədər az həkimə getsə, dövlət də bir o qədər qənaət edir.
-Ağa müəllim ziyanlı qidalarla mübarizədə rəsmi qurumlarən rolu nədən ibarətdir? – Mən düşünürəm ki, bu məsələdə təkcə Qida Təhlükəsizliyi Agentliyinin apardığı maarifləndirmə işi kifayət deyil. Onlar çox böyük və dəyərli iş görürlər, bunu xüsusi vurğulayıram. Fast foodun zərərli olduğunu izah edirlər, maarifləndirirlər – bu, çox vacibdir. Amma bununla yanaşı, qanunvericilik səviyyəsində də addımlar atılmalıdır. Fast food reklamlarının məhdudlaşdırılması, yayılmasının qarşısının alınması və bu sahədə ciddi nəzarət mexanizmlərinin tətbiqi daha məqsədəuyğun və daha faydalı olar. “Fast-food ölkəsi” fast-fooda “yox” deyir. Biz isə bu qədər zəngin milli dəyərlərə sahib ola-ola fast-fooda üz tuturuq. Mənim demək istədiyim əsas məsələ budur: bu, ürək ağrıdan məqamlardan biridir. Əgər bizdən sonra gələn nəsil bu cür tərbiyə alacaqsa, bu istiqamətdə inkişaf edəcəksə, deməli, gələcəyimiz uçuruma doğru gedir. Biz dövlətimizin maraqlarına xidmət etməliyik. Dövlətimizin maraqlarında isə bu gün milli mətbəx, milli dəyərlər dayanır. Ona görə də biz dövlətin yanında olmalıyıq. Amma unutmayaq ki, hər bir ailə də kiçik bir dövlətdir. Bu məsuliyyət hər birimizin üzərinə düşür. İnsan gözünü açıb nə görürsə, onu da həyatında davam etdirir. Mən gözümü açandan nənəmi sacda yemək bişirən, dolma, bozbaş, qutab hazırlayan görmüşəm. Bunları görərək böyümüşəm. Amma bu gün “modern” nənələr, “modern” analar evdə yemək bişirmir, sifariş verir. Nəticədə uşaqların mədə-bağırsaq problemləri yaranır, ürək-damar xəstəlikləri artır. Demək istədiyim odur ki, ürək ağrıdan məqamlarımız çoxdur.
Məlahət Rzayeva
DOĞRU.AZ


























