Mayın 31-də dünyanın bir çox ölkəsində nadir astronomik hadisə olan “Mavi Ay” adlanan ikinci dolunay baş verəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, astronomiyada “Mavi Ay” Ayın rənginin dəyişməsi demək deyil. Bu termin bir təqvim ayı ərzində ikinci dəfə dolunayın baş verməsini ifadə edir. Bu il mayın 1-də ilk dolunay müşahidə olunub, ikinci dolunay isə mayın 31-nə təsadüf edir. Mütəxəssislərin sözlərinə görə, bu dəfəki “Mavi Ay” eyni zamanda “mikroay” olacaq. Bu, Ayın Yerə ən uzaq nöqtələrindən birində olduğu vaxt dolunay mərhələsinə düşməsi deməkdir.
Buna görə də Ay adi dolunaylarla müqayisədə bir qədər kiçik və az parlaq görünəcək. Alimlər bildirirlər ki, “Mavi Ay” əslində mavi rəngdə olmayacaq. Ayın mavi görünməsi yalnız vulkan püskürmələri və ya böyük meşə yanğınları nəticəsində atmosferdə yaranan xüsusi şəraitdə mümkün olur. “Mavi Ay” adı isə sadəcə nadir təqvim hadisəsini ifadə edir.
Qeyd edək ki, “Mavi Ay” hadisəsi təxminən hər iki-üç ildən bir baş verir. Astronomların məlumatına görə, növbəti belə hadisə 2028-ci ilin dekabrında müşahidə olunacaq. Bildirilir ki, hadisəni müşahidə etmək üçün xüsusi avadanlıq tələb olunmasa da, durbin və ya teleskop Ayın səthini daha detallı görməyə kömək edə bilər.
DOĞRU.AZ

























