19 dekabr tarixində ABC.AZ saytında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun daşınmaz əmlak bazarı ilə bağlı geniş müsahibəsi dərc olunub. Müsahibədə mənzil qiymətlərinin artım səbəbləri, bazardakı durğunluq, investisiya amilləri və gələcək gözləntilərlə bağlı maraqlı məqamlara toxunulub.
Doğru.az xəbər verir ki, Vüqar Oruc mənzil bazarındakı qiymət artımını əsasən tikinti xərclərinin yüksəlməsi, beynəlxalq münaqişələrin təsiri, investisiya yönümlü tələbat və sosial-iqtisadi dəyişikliklərlə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsindən sonra inşaat materiallarının və işçi qüvvəsinin bahalaşması tikintinin maya dəyərini artırıb və bu da birbaşa mənzil qiymətlərinə təsir göstərib.
AQC sədri qeyd edib ki, daşınmaz əmlak hazırda ən cəlbedici passiv investisiya aləti olaraq qalır. Pandemiyadan sonra biznes risklərinin artması insanları əmlaka yönəldib və bu proses təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.
Vüqar Oruc mənzil bazarında qiymət artımının tək səbəbinin xərclər olmadığını vurğulayıb. Onun sözlərinə görə, əhalinin təbii artımı, ailə modelində dəyişikliklər, regional münaqişələr və xaricdə yaşayan soydaşların ölkəyə investisiya yönəltməsi də bazara ciddi təsir edir. Xüsusilə İran–İsrail və Rusiya–Ukrayna münaqişələri fonunda Azərbaycana yönələn tələbatın artdığı bildirilib.
Müsahibədə maklerlərin bazarda “domino effekti” yaradaraq süni qiymət artımına səbəb olduğu da qeyd olunub. V.Oruc bildirib ki, bəzi hallarda bir mənzilin yüksək qiymətə satılması eyni ərazidə digər mənzillərin də avtomatik bahalaşmasına gətirib çıxarır.
Qiymətlərin azalması məsələsinə toxunan AQC sədri inzibati üsullarla ucuzlaşmanın mümkün olmadığını, lakin sosial layihələrin genişləndirilməsi, tələbə yataqxanalarının tikilməsi və kirayə bazarının tənzimlənməsi ilə artım tempinin azaldıla biləcəyini deyib.
Durğunluq məsələsinə gəlincə, Vüqar Oruc bunun əsas səbəbləri kimi əhalinin maliyyə planlaması dövründə olması və qiymətlərin yüksəkliyinin alıcılıq qabiliyyətini zəiflətməsini göstərib. Bununla belə, o, qiymətlərin ucuzlaşmasının tərəfdarı olmadığını bildirib və əmlak bazarının aktivliyini iqtisadi inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirib.
Müsahibədə qiymətləndirmə fəaliyyəti, yeni qanunvericilik, bazarda inhisarçılıq cəhdləri və dövlət nəzarətinin vacibliyi məsələlərinə də toxunulub. V.Oruc bildirib ki, 2023-cü ilin dekabrında qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun sektorda mühüm dönüş nöqtəsi olub və bu tarix qiymətləndiricilərin peşə bayramı kimi qeyd edilə bilər.
Sonda AQC sədri mənzil bazarında ən çox tələbatın 60 kvadratmetrə qədər olan, investisiya məqsədli mənzillərə olduğunu bildirib və gələcəkdə dünyada olduğu kimi Azərbaycanda da kompakt yaşayış modellərinin populyarlaşacağını vurğulayıb.
DOĞRU.AZ




























