Mayın 23-də ADA Universitetinin kampusunda ənənəvi Beynəlxalq Festivalın 13-cüsü keçirilib. Festival mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Tədbir ADA Universiteti və onun Fondunun dəstəyi ilə təşkil olunub. Festival çərçivəsində 50-yə yaxın ölkənin mədəni irsi nümayiş etdirilib. Yaponiya, Malayziya, Çin, Türkiyə və Avropa İttifaqına üzv ölkələrin milli stendlərində müxtəlif mətbəx nümunələri, musiqilər, rəqslər və milli geyimlər təqdim olunub.
Bayram ovqatında keçirilən festivalda müxtəlif ölkələrin səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər. Tədbir çərçivəsində konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr təşkil olunub.
Slovakiyalı tələbə Rita Çapayova bildirib ki, bu cür tədbirlər tələbələr arasında qlobal düşüncə tərzinin formalaşmasına mühüm təsir göstərir. Yerli tələbə Aygün Kəngərli isə deyib: “Çili və Braziliya kimi uzaq ölkələrə getməsək də, bu festival sayəsində həmin xalqların mədəniyyətini hiss edə və öyrənə bilirik.”
Festivalda iştirak edən Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç Doğru.az-a açıqlamasında bildirib:
“Azərbaycan çox gözəl, ecazkar və möhtəşəm bir ölkədir. Regionlarda da olmuşam, Bakıya isə xüsusi sevgim var. Qarabağın intensiv şəkildə bərpa olunması məni sevindirir və şadam ki, belaruslar da bu prosesdə iştirak edirlər. Azərbaycan bu gün dünya səviyyəli ölkə olduğunu hər addımda nümayiş etdirir və bugünkü festival da bunun bariz nümunəsidir.”
ADA Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Milana Mirfeyzullazadə jurnalistlərə açıqlamasında bildirib ki, artıq ənənə halını almış bu festivalda 100-dən çox xarici qonaq iştirak edir:
“Tədbirin əsas məqsədi müxtəlif ölkələrin mədəniyyətlərini nümayiş etdirmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ADA Universitetinin beynəlxalq mühitinə töhfə verməkdir.”
Festival bir daha təsdiqlədi ki, ADA Universitetində mədəni müxtəliflik yalnız dəyər deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsidir.
Zeynəb Abbasova
DOĞRU.AZ