Süni isitmə nəticəsində havanın həddindən artıq quruması tənəffüs orqanlarının sağlamlığına ciddi zərər vura bilər.
Doğru.az xəbər verir ki, bununla bağlı “Gemotest” laboratoriyasının həkimi və eksperti Yekaterina Demyanovskaya RT-yə müsahibəsində danışıb.
Mütəxəssis bildirib ki, belə vəziyyət selikli qişaların qoruyucu funksiyasını zəiflədir və bu da kəskin respirator virus infeksiyalarının, həmçinin rinit, sinüzit, faringit və tonzillit kimi xroniki nazofarenks xəstəliklərinin kəskinləşmə riskini artırır.
Demyanovskaya qeyd edib:
“Yuxarı tənəffüs yollarının selikli qişası infeksiyaya qarşı ilk müdafiə xəttidir. Havanın temperaturu yüksəldikdə selik qalınlaşır, miqdarı azalır və bu da patogenlərin daxil olmasını asanlaşdırır.”
Onun sözlərinə görə, quru hava tənəffüs allergiyası, bronxial astma və xroniki ağciyər xəstəlikləri olan insanlarda vəziyyəti daha da ağırlaşdıra bilər:
“Quru hava selikli qişanın həssaslığını artırır, iltihab və qıcıqlanma yaradır. Burun və bronxial ifrazatlar qalınlaşdığı üçün nəfəsalma və öskürək çətinləşir.”
Mütəxəssis əlavə edib ki, isitmə mövsümü dəri xəstəlikləri olanlar üçün də çətin keçə bilər. Ev şəraitində havanın quruluğu dərinin müdafiə baryerini zəiflədir, qaşınma və çatlamaya səbəb olur.
DOĞRU.AZ




























