Astanada (Qazaxıstan) “Əcdadlar və sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbir Astanа şəhər Akimliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan “Dünya Musiqisi” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.
Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrini öyrənmək, qədim texnologiyalar ilə müasir yanaşmaları əlaqələndirmək və ustalarla alimləri bir araya gətirən elmi-praktik platforma yaratmaq olub.
Tədbirin açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçılara müraciət edərək simpoziumun mütəxəssisləri bir araya gətirən mühüm platforma olduğunu vurğulayıb. Daha sonra plenar iclaslarda Qazaxıstan Senat deputatı akademik Darxan Kıdırali, Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin sədri Erlan Dakenov, Astanа şəhəri akiminin müavini Eset Bayken, UNESCO və ICESCO üzrə Milli Komissiyanın baş katibi Janar Şaymenova və Macarıstanın əməkdar artisti Akoş Qreqor çıxış ediblər.
Simpozium çərçivəsində “Tək Səda: Türk musiqi alətlərinin araşdırılması və beynəlxalq əməkdaşlıq” adlı dəyirmi masa təşkil olunub. Müzakirələrdə türk xalqlarının musiqi irsinin tədqiqi və institusional əməkdaşlığın genişləndirilməsi əsas mövzu olub.
Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası birgə “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabını təqdim edib. Dörd dildə hazırlanmış bu nəşr türk musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətli sayılıb.
Simpoziumun yekununda iştirakçılar tərəfindən türk musiqi aləti irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi ilə bağlı birgə Qətnamə qəbul edilib. Sənəddə vahid elmi baza yaradılması, ustalıq məktəblərinin sistemli araşdırılması, musiqi aləti hazırlanmasına dair kursların tətbiqi, rəqəmsal arxivləşdirmə, 3D modelləşdirmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet kimi göstərilib.
Qətnamədə həmçinin türk musiqi irsinin YUNESKO və İSESKO çərçivəsində beynəlxalq səviyyədə tanıdılması və Türk Xalqlarının Musiqi Aləti Ustalarının birgə Assosiasiyasının yaradılması imkanının araşdırılması da nəzərdə tutulub.
DOĞRU.AZ





























