image-n1karobka_ads
image-123
image-17660644636408655088_1200x630backend

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu davam edir

image-ad_qayo_720x110px

Ankarada keçirilən “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu” təqdimatlar və panel müzakirələri formatında işini davam etdirir.

Doğru.az xəbər verir ki, forum çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir Türkiyənin bu sahədəki təcrübəsinə həsr olunmuş təqdimatla çıxış edib.

D.Demir bildirib ki, Türkiyədə və onun hüdudlarından kənarda olan bəzi qüvvələr, xüsusilə böhran dövrlərində ictimai rəyi manipulyasiya etməyə cəhd göstərirlər. O, 2023-cü ilin fevralında baş vermiş güclü zəlzələlər zamanı sosial şəbəkələrdə və mediada yayılan yalan məlumatları buna nümunə göstərib.

Onun sözlərinə görə, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzində informasiya axınları sutka ərzində fasiləsiz izlənilir, təhlil olunur və operativ şəkildə cavablandırılır. D.Demir vurğulayıb ki, bu fəaliyyət təkcə Türkiyənin deyil, qardaş ölkələrin, o cümlədən Azərbaycanın maraqlarının qorunmasına da xidmət edir.

Forum çərçivəsində “Türk dünyasına qarşı yönəlmiş dezinformasiya nümunələri və onlara qarşı mübarizə səyləri” mövzusunda sessiya da keçirilib. Sessiyada milli səviyyədə yalan məlumat axınlarına qarşı mübarizə təcrübələri müzakirə olunub.

Azərbaycan Respublikası Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxışında hibrid hücumlar və dövlətlərin informasiya məkanına müdaxilə təhlükəsinə diqqət çəkib. O bildirib ki, informasiya təhlükəsizliyi müasir dövrdə dövlət təhlükəsizliyinin ayrılmaz hissəsidir.

C.Musayev 44 günlük Vətən müharibəsi dövründə dezinformasiyaya qarşı aparılan mübarizədən danışaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələrin bu sahədə mühüm rol oynadığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyə arasında informasiya sahəsində əməkdaşlığı yüksək qiymətləndirib və Türk Dövlətləri Təşkilatı səviyyəsində oxşar platformanın yaradılmasını təklif edib.

Forumda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən rəsmi şəxslər gənclər arasında media savadlılığının artırılmasının vacibliyini önə çəkiblər.

Qeyd edək ki, iki gün davam edən forumda müxtəlif ölkələrdən rəsmi qurumların nümayəndələri, media təmsilçiləri, alimlər və ekspertlər iştirak edirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki