Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında türk dövlətlərinin hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi təşəbbüs nəticəsində UNESCO tərəfindən dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib.
AZƏRTAC-a Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından bildirilib ki, bu münasibətlə kitabxanada “Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib. Sərgidə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin gücləndirilməsi ilə bağlı fikirləri, Birinci Türkoloji Qurultayın 90 və 100 illik yubileylərinə dair sərəncamların tam mətni yer alıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Azərbaycanşünaslıqdan türkşünaslığa”, “Avropada türkologiya”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Turan sivilizasiyasına giriş”, “Türk düşüncəsi və türkçülük tarixi haqqında” 20-dən çox kitabın tam mətni sərgilənir. Həmçinin “Birinci Türkoloji Qurultay – türk ruhunun qələbəsi”, “Türkologiya Turan birliyinin təməl daşıdır”, “Azərbaycan türkologiyası: təməllər, təmayüllər”, “Türk dünyasında ortaq düşüncə və kimlik axtarışları” kimi dövrü mətbuat nümunələri də təqdim olunur.
Virtual sərgi bu ünvanda ziyarətçilərə təqdim edilir.
DOĞRU.AZ




























