21 noyabr 2025-ci ildə Qazaxıstanın Çimkənd şəhərində “MIRAS” Beynəlxalq Türk Etnodizaynerləri Forumunun təntənəli açılışı keçirilib.
Doğru.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondu ilə Çimkənd Akimatının birgə təşkilatçılığı ilə baş tutub.
Forum çərçivəsində “Türk geyimşünaslığı və ornament semiotikası” mövzusunda beynəlxalq elmi-maarifləndirici konfrans da keçirilib. Məqsəd türk dünyasının dekorativ-tətbiqi sənətində yeni ideyaları təşviq etmək, zəngin mədəni irsi geniş ictimaiyyətə çatdırmaq və gənclərin marağını artırmaqdır.
Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, ənənəvi türk ornamentləri xalqların tarixi yaddaşını və mənəvi kimliyini yaşadan mühüm mədəni koddur. Onun sözlərinə görə, ornament sadəcə bəzək deyil, nəsildən-nəslə ötürülən müqəddəs semiotik sistemdir və bu mirasın qorunması böyük məsuliyyətdir.
Aktotı Raimkulova “MIRAS” Forumunu ideyaların və istedadların birləşdiyi mühüm platforma kimi dəyərləndirərək Çimkənd Akimatına dəstəyə görə təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə Çimkənd şəhərinin Akim müavini Kuranbek Sarsenin iştirakı forumun əhəmiyyətini daha da artırıb və şəhər rəhbərliyinin türk dünyasının mədəni irsinə verdiyi dəstəyi nümayiş etdirib.
Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan tanınmış alimlər, tədqiqatçılar, folklorşünaslar, incəsənətşünaslar və etnodizaynerlər iştirak ediblər. Həmçinin magistrantlar, doktorantlar, dövlət və ictimai xadimlər də tədbirə qoşulub.
DOĞRU.AZ





























