image-n1karobka_ads
image-123
image-17653569524641330399_1200x630backend

Türk Dövlətləri energetika nazirlərinin beşinci iclası İstanbulda keçirilib – FOTO

image-ad_qayo_720x110px

Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası Türkiyənin İstanbul şəhərində keçirilib.

Doğru.az xəbər verir ki, iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərdə də öz əksini taparaq Türk dünyası ailəsinin formalaşmasına yol açdığını bildirib. Nazir qeyd edib ki, dövlət başçılarının strateji baxışı və qətiyyətli siyasəti TDT-nin nüfuzunu və regional rolunu artırıb, təşkilatı qlobal arenada mühüm aktora çevirib.

Pərviz Şahbazov Azərbaycanın təşkilata sədrliyi dövrünün Prezident İlham Əliyevin “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır” çağırışına uyğun şəkildə strateji əlaqələrin möhkəmlənməsi ilə xarakterizə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması, Orta Dəhliz və Zəngəzur dəhlizinin reallaşdırılması türk dövlətləri arasında birliyi daha da gücləndirəcək.

Nazir bildirib ki, TDT üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il 7,3 milyard dolları ötüb, qarşılıqlı 20 milyard dollardan artıq investisiya portfelinin 70-80 faizi enerji sektoruna aiddir. BTC vasitəsilə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən neftinin dünya bazarlarına çıxarıldığı, həmçinin Türkiyənin 18,7 milyard kubmetr, Avropa ölkələrinin isə Türkiyə üzərindən 24,6 milyard kubmetr qazla təchiz olunduğu qeyd edilib.

“İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya 366 milyon kubmetr qaz tədarükü və Özbəkistanda axtarış-kəşfiyyat layihəsinə başlanması türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələ nailiyyətləri kimi dəyərləndirilib.

Çıxışda Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə uyğun olduğu vurğulanıb. “Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” və “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihələrinin türk dövlətlərinin birliyini möhkəmləndirdiyi qeyd olunub.

Nazir əlavə edib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilk dəfə olaraq elektrik enerji sistemlərini birləşdirəcək, Zəngəzur dəhlizi isə bu axının Türkiyəyə çatmasını təmin edərək “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünü yaradacaq. Çıxış zamanı Türkiyənin COP31-ə ev sahibliyinə dəstək də ifadə olunub.

İclasda TDT çərçivəsində yeni təşəbbüslər müzakirə edilib, “Texnologiyalar və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz” və “Enerji Səmərəliliyi üzrə Ekspertiza Şurası”nın yaradılması razılaşdırılıb. Nazirlərin növbəti görüşünün Özbəkistanda keçirilməsi qərara alınıb.

DOĞRU.AZ

image-17653569522398744828_1200x630image-17653569522750620143_1200x630 image-17653569522950317046_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki