İlk dəfə Azərbaycan təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) bir araya gəlib.
Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, forum bu gün Bakıda – “Gülüstan” sarayında rəsmi açılış mərasimi ilə başlayıb. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500-dən çox QHT nümayəndəsi iştirak edir. Bu, Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi ən böyük tədbirdir.
Forum çərçivəsində iki panel müzakirəsi keçiriləcək:
“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” panelində Zəngəzur dəhlizinin açılmasından sonra Türk dünyası vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.
“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”nda iki ölkə QHT-lərinin təcrübə və bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq.
Forum iştirakçıları ötən gün Fəxri xiyabanı, Şəhidlər xiyabanı, Türk şəhidliyini və Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Tədbir bu gün bədii-mədəni proqramla yekunlaşacaq, sabah isə forum Naxçıvan şəhərində davam edəcək. Burada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması planlaşdırılır. Platforma Azərbaycan tərəfindən idarə olunacaq və 8 ölkənin QHT-lərini birləşdirəcək.
Qeyd edək ki, bu ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması və D-8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda keçirilib. Forum çərçivəsində Naxçıvanda “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq və Azərbaycan QHT-lərinin Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq işləri dünya üçün nümunə kimi təqdim olunacaq.
Forum iştirakçıları noyabrın 26-da Naxçıvan MR-də bir sıra yerlərlə tanış olacaq və birgə bəyanatın qəbul olunması ilə tədbir yekunlaşacaq.
DOĞRU.AZ




























