Türk Dövlətləri Təşkilatı (TDT) 15 dekabr tarixinin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edilməsinə dair bəyanat yayıb.
Doğru.az xəbər verir ki, təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayımlanan bəyanatda bu tarixi qərarın məmnunluqla qarşılandığı bildirilib.
Bəyanatda qeyd olunur:
“Bu mühüm qərar türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır, türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir. Mədəni və dil müxtəlifliyinin qorunmasına həsr olunmuş ən aparıcı təşkilat olan UNESCO çərçivəsində bu günün elan edilməsi, eyni zamanda, Türk dünyasının yüksələn kimliyinin, dəyərlərinin və bugünkü qlobal səhnədə artan rolunun da təsdiqidir”.
Təşkilat bəyan edib ki, bu mənalı təşəbbüsə töhfə verən bütün üzv və müşahidəçi dövlətlər təbrik olunur:
“Türk Dövlətləri Təşkilatı olaraq, ortaq tarixi və mədəni irsimizin tanıdılması, türk xalqları arasında birliyin gücləndirilməsi və ortaq baxışımızın irəlilədilməsi istiqamətində qərarlılığımızı davam etdiririk”.
DOĞRU.AZ




























