Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondu ilə Asiya və Afrika Mədəniyyətləri Fakültəsinin dəstəyi ilə Beynəlxalq Türkologiya Konfransı keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə Avropada türk irsinə artan maraq vurğulanıb, akademik əməkdaşlığın gücləndirilməsi üçün yeni perspektivlərin açıldığı bildirilib.
Konfrans çərçivəsində Varşava Universiteti ilə Türk dünyasının aparıcı akademik qurumları arasında elmi mübadilənin genişləndirilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusi diqqət Türk Dünyasını əks etdirən qədim Avropa xəritələrinin nümayiş olunduğu sərgiyə cəlb edilib.
Səfər proqramı çərçivəsində Universitet nəzdində Türk Mədəni İrs Mərkəzinin yaradılması haqqında Saziş imzalanıb. Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Universitetin prorektoru Prof. Eva Kroqulek imzalayıb. Saziş türk xalqlarının mədəni irsinin təbliği, interaktiv sərgilərin və seminarların təşkili, elmi və təhsil layihələrinin inkişafını nəzərdə tutur.
Səfər zamanı Fondun prezidenti Varşava Universitetinin Kitabxanasının direktoru Kristof Nierzviki ilə qədim yazılı mənbələrin tədqiqi və birgə elmi layihələr barədə görüşüb. Eyni zamanda, Asiya və Sakit Okean Muzeyi ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyəti Belostok şəhərinə səfər edib, şəhər merinin müavini, Polşanın Baş müftisi və tatar icmasının lideri ilə görüşərək mədəniyyətlərarası dialoq, türk irsinin təbliği və birgə layihələrin perspektivlərini müzakirə edib. Qeyd olunub ki, Belostokda 600 ildən çoxdur ki, tatarlar və karaimlər türk irsinin varisləri kimi yaşayırlar.
DOĞRU.AZ





























