Serdar Denktaş: İşğaldan azad edilmiş Şuşadan götürülən torpaq daima KKTC-nin Qurucu Cümhurbaşqanın qəbri başında olacaq
BAYRAQDAR MEDİA – Azərbaycan-dakı Kıbrıs Ev-inin qurucusu, iş adamı Ruslan Quliyev, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın vəsiyyətini illər sonra yerinə yetirib. Sağlığında onu ziyarət etdikləri zaman Rauf Denktaşın onlardan “Qarabağın işğal altındakı torpaqlarının işğaldan azad edilməsi müjdəsini gətirmələrini” istədiyini, lakin Qarabağın azad olunmasını görməyə ömrünün yetmədiyini deyən R.Quliyev, Qarabağ torpağını onun məzarına çatdırılması üçün MYK Haber komandası vasitəsilə oğlu Sərdar Denktaşa göndərib.
Bu barədə BAYRAQDAR MEDİA-ya qardaş ölkənin MYKibris.com xəbər portalının rəhbəri Ramazan Çelikel məlumat verib.
Xatırladaq ki, MYK Haber komandası Bakıda Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda və digər bayram tədbirlərində iştirak edərək, bu böyük qüruru Azərbaycan xalqı ilə birgə yaşayıblar.
Səfər çərçivəsində MYK Haber komandasını Bakıda yerləşən Kıbrıs Evində qonaq edən Ruslan Quliyev, Rauf Raif Denktaşı ehtiramla yad edərək, Qarabağ torpağı göndərməsinə səbəb olan həmin tarixi xatirəni belə danışıb:“KKTC-yə hər səfərimizdə mərhum Denktaşı da ziyarət edirdik. Son görüşümüzdə ona “Növbəti gəlişimizdə nə gətirək?” deyə soruşduq. O isə “Qarabağı işğaldan azad etdik” müjdəsini gətirin, mənim üçün bu kifayətdir”, – dedi. Allah rəhmət eləsin, gələcəyi görən bir insan idi, amma Qarabağın azadlığını görə bilmədi. O torpaqlara getmək arzusu ilə bu dünyadan köçdü. Biz də Azərbaycanın Qarabağ bölgəsinə aid olan bu torpağı rəmzi olaraq sizə təqdim edirik ki, Serdar bəyə çatdırasınız və o da Denktaşın məzarının üstünə səpsin. Ruhu şad olsun.”
Ramazan Çelikel deyib ki, MYK Haber komandası Ruslan Quliyevin onlara təqdim etdiyi, Qarabağın Şuşa bölgəsindən gətirilmiş torpağı Rauf Raif Denktaşın abidə məzarında oğlu Sərdar Denktaşa təslim edib. Azərbaycan bayrağına bükülü şəkildə torpağı təhvil alan Serdar Denktaş, bunun üçün Ruslan Quliyevə təşəkkürünü çatdırılmasını xahiş edərək, “Bu torpaq daim onun başucunda olacaq”, – deyib.
DOĞRU.AZ




























