“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında bu il Türk Animasiya Assosiasiyası (ATA) özəl proqramla iştirak edir.
Doğru.az xəbər verir ki, proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.
Dekabrın 6-7-də Nizami Kino Mərkəzində baş tutacaq proqram çərçivəsində müxtəlif türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan sevilən uşaq filmləri – “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum Bum” – nümayiş olunacaq. Eyni zamanda “Yer və Ay” animasiyası da tamaşaçılarla görüşəcək.
ATA-nın təşəbbüsü yalnız əyləncə deyil, həm də ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Festival animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyaya çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.
DOĞRU.AZ




























