Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama həyata keçirib.
Doğru.az xəbər verir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər idarəsi bununla bağlı məlumat yayıb.
Nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların tələb olunan şərait olmadan – açıq formada, soyuducu avadanlıq təmin edilmədən, temperatur rejiminə riayət olunmadan və baytarlıq-sanitariya ekspertizasından keçmədən satışa çıxarıldığı müəyyən edilib.
Bundan əlavə, bazar daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə aparıldığı aşkarlanıb. AQTA bildirir ki, bu faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyini və ərazidəki ümumi sanitariya vəziyyətini ciddi şəkildə risk altına alır.
Aşkarlanan nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması üçün məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
DOĞRU.AZ




























